Təkcə bu il 2 milyon insan qaçqın düşüb

Qaçqın böhranı artıq silah və təsir rıçağı kimi bütün böyük ölkələrin fəaliyyətinin nəticəsi kimi meydana çıxır

“Dünyada qaçqın, məcburi köçkün və sığınacaq istəyənlərin sayı 84 milyon nəfərə çatıb”. Bu barədə “Şərq”ə Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli deyib. Analitik bildirib ki, təkcə bu il qaçqın düşənlərin sayı 2 milyon nəfərdir: “Qaçqın və məcburi köçkünlərin sayının artmasına münaqişələrlə yanaşı iqlim dəyişikliyi və pandemiya da səbəb olub. BMT-nin qaçqınlarla bağlı son hesabatına görə dünyadakı qaçqınların böyük əksəriyyətini suriyalılar, əfqanlar və fələstinlilər təşkil edir. Təxminən 4 milyon Venesuela vətəndaşı ölkələrini tərk etsələr də, heç bir yerdə qaçqın kimi uçota alınmayıblar. Sığınacaq üçün başqa ölkələrə üz tutanların sayı da təxminən o qədərdir. Ümumilikdə, ilin ilk yarısında məcburi köçkünlərin sayında illik əsasda 50 faizədək artım qeydə alınıb. Hazırda Polşa-Belarus sərhədində ən azı 2000 mühacir var. Avropa İttifaqının (Aİ) icra orqanı olan Avropa Komissiyası Belarus lideri Aleksandr Lukaşenkonu miqrantları asan giriş vədi ilə Aİ sərhədinə yönləndirməkdə ittiham edib. Komissiya bunu "qeyri-insani və qanqstervari" yanaşma adlandırıb. Lukaşenko isə ona qarşı irəli sürülən "problemin memarı" ittihamını rədd edir”.
Ə.Əlibəyli qeyd edib ki, Türkiyə lideri R.T.Ərdoğan Yunanıstanın Baş naziri Kiriakos Mitsotakisin hazırda Belarus-Polşa sərhədində yaşanan miqrant böhranında Türkiyəni ittiham etməsini nankorluq adlandırıb: “Ərdoğan miqrantları geri qaytarmaqla ölümə məhkum edən ölkənin Yunanıstan olduğunu və bu ölkənin ABŞ-ın hərbi bazasına çevrildiyini bəyan edib. İndi ortadakı mənzərəyə baxaq: qaçqın böhranı artıq silah və təsir rıçağı kimi bütün böyük ölkələrin fəaliyyətinin nəticəsi kimi meydana çıxır. Yəni Suriyada, Əfqanıstanda hansısa ailə qaçqın düşürsə, bunun əsas səbəbi ABŞ və ya başqa dünya gücüdür. Avropa Türkiyəyə və ya Yunanıstana bütün istiqamətlərdə təsir və təzyiq altda saxlamaq üçün çalışacaqsa, qaçqınlara ev sahibliyi edən ölkələrin hansı alternativ addımları qala bilər ki?”.