Ukrayna Ali Radası cümə axşamı keçirilən iclasda Ukrayna və Türkiyə hökumətləri arasında hərbi çərçivədə imzalanmış sazişi ratifikasiya edib.Müvafiq sənəd üçün minimum 226 səs tələbi olub. 303 parlamentari lehinə səs verib. Müqavilə Ukrayna Prezidenti Vladimir Zelenskinin Türkiyəyə rəsmi səfəri zamanı, 16 oktyabr 2020-ci ildə imzalanıb.
Sənəd müdafiə sahəsində Ukrayna-Türkiyə əməkdaşlığının 21 istiqamət üzrə genişləndirilməsi və dərinləşdirilməsi üçün hüquqi bazanın yaradılmasını nəzərdə tutur. Ölkələr arasında əməkdaşlıq xüsusilə, hərbi təlim, təlimlərdə və birgə təlimlərdə qarşılıqlı iştirak, müdafiə sənayesi və hərbi məxfi məlumatların mübadiləsini əhatə edəcək.
Qeyd edək ki, martın 6-da Ukrayna ordusuna Türkiyə istehsalı “Bayraktar TB2” silahlı PUA-ları çatdırılıb.
Bu ölkələr arasındakı münasibətlərdən danışan politoloq Sədrəddin Soltan "Sherg.az"a açıqlamasında bildirib ki, rəsmi Kiyevin strateji hədəfləri Türkiyə ilə Ukraynanın yaxınlaşmasına, hərbi əlaqələri genişləndirməsinə imkan yaradır:
"Türkiyə NATO ölkəsidir. Ukrayna da Qərbə, NATO - ya inteqrasiya etmək istəyən keçmiş sovet respublikalarındandır. Tərəflər Qara dəniz vasitəsilə qonşudur, eyni zamanda Ukraynada türklər, Krım tatarları var.
Oktyabrın 26-da Ukrayna ordusu ilk dəfə olaraq Ukraynanın şərqindəki döyüş bölgəsində “Bayraktar TB2” PUA-larından istifadə edib.
Bu rəsmi Kiyevin hərbi arsenalına müasir tələblərə cavab verən silahları qatmaq istədiyindən xəbər verir. Türkiyə istehsalı olan PUA-lar aparıcı silahlardandır.
Əgər Ukrayna ərazi bütövlüyünü bərpa etməyi qarşısına hədəf qoyubsa , ordusunu formalaşdırmalı və silahlandırmalıdır".