“Buzlar əriyir”: “Türkiyə-İsrail münasibətləri normallaşır”

“Bu vəziyyət Azərbaycanın da strateji maraqlarına cavab verir”

“Hətta bəzi məlumatlara görə, rəsmi Bakı Azərbaycanın iki dostu arasındakı münasibətləri normallaşdırmaq üçün vasitəçilik missiyasını da öz üzərinə götürüb”

“Böyük ehtimalla bu proses yaxın gələcəkdə Türkiyə-İsrail münasibətlərinin tamamilə normallaşdırılmasını təmin edə bilər”


İsrailin Baş naziri Naftali Bennet ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında uzun sürən aradan sonra telefon danışığı olub. Xatırladaq ki, tərəflər arasında  belə danışıq son dəfə 2013-cü ildə baş tutub. Danışıq zamanı N.Bennet ötən həftə Türkiyə Prezidentinin iqamətgahını çəkdiyinə görə İstanbulda həbs edilən israillilər Natali və Mordi Okninin azad edilməsində göstərdiyi səylərə görə Ərdoğana təşəkkür edib. Baş nazir, eyni zamanda Türkiyə və İsrail tərəfləri arasında humanitar məsələlərdə əməkdaşlıq səviyyəsini müsbət qiymətləndirib və bu əməkdaşlığın öz səmərəliliyi ilə seçildiyini vurğulayıb.

 Bəs bundan sonrakı Türkiyə - İsrail münasibətlərindən gözləntilər nədir? Hazırda tərəflərarası münasibətlərdə  yaranan yumşalmanın davamlı olma ehtimalı varmı? 

Suallarımızı cavablandıran "Müstəqil Mətbuat Mərkəzi" İctimai Birliyinin sədri, politoloq Elçin Xalidbəyli  “Sherg.az”a Türkiyə və İsrail arasındakı münasibətlərin qopma nöqtəsini xatırladıb:

“Bu qopma vaxtilə Fələstinə humanitar məqsədlə səfər edən türk gəmisinə hücumdan sonra baş vermişdi. Həmin dövrdə Davos İqtisadi Forumunda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və İsrail prezidenti Peres arasında "one minute" qalmaqalı da yaşanmışdı. Bütün bunların davamında İsrail Xarici İşlər Nazirliyində Türkiyə səfirinə qarşı hörmətsizlik etməyə cəhd göstərilmişdi.Və həmin dövrdən başlayaraq iki ölkə arasında münasibətlərdə dərin böhran vəziyyəti davam edir”. 
Politoloq  son vaxtlar Türkiyə-İsrail münasibətlərində müəyyən pozitiv əlamətlərin müşahidə edildiyini diqqətə çatdırıb:
“İsraildə hakimiyyət dəyişikliyindən sonra bu ölkənin rəsmi dairələri Türkiyə ilə qarşıdurmanı davam etdirməyə qətiyyən həvəsli görünmürlər. Hətta Türkiyə ilə münasibətlərin normallaşdırılmasına yönəlik müəyyən addımlar atmağa çalışırlar.Və Türkiyə də İsrailin pozitiv addımlarına eyni məzmun və keyfiyyətdə cavab verir. Çünki hər iki ölkənin beynəlxalq və regional maraqları münasibətlərin normallaşdırılmasını diqtə edir.Yəqin ki, hər iki ölkə yaxın gələcəkdə problemləri həll edib, yenidən intensiv tərəfdaşlıq mərhələsinə keçə biləcək”.
Ekspert Türkiyə-İsrail münasibətlərində Azərbaycanın rolundan söz açıb:
“Türkiyə Azərbaycanın strateji müttəfiqi, İsrail isə strateji tərəfdaşıdır. Türkiyə-İsrail münasibətlərinin normallaşması Azərbaycanın da strateji maraqlarına cavab verir. Hətta bəzi məlumatlara görə, rəsmi Bakı Azərbaycanın iki dostu arasındakı münasibətləri normallaşdırmaq üçün vasitəçilik missiyasını da öz üzərinə götürüb. Belə anlaşılır ki, rəsmi Bakının vasitəçilik missiyasının artıq müəyyən nəticələri də ortaya çıxmağa başlayıb. Böyük ehtimalla bu proses yaxın gələcəkdə Türkiyə-İsrail münasibətlərinin tamamilə normallaşdırılmasını təmin edə bilər” .

Politoloq sonda bu iki ölkə arasında olan siyasi böhranın  tədricən həll olunmağa başladığını diqqətə çatdırıb.