Bütün proqnozlar doğru çıxdı

Bayden Putinin "qırmızı xətt"ini tanımadı

ABŞ Ukraynanı qorumaqda israrlıdır, Rusiya isə NATO-nun Şərqə doğru genişlənməsini qəbul etmir

ABŞ Prezidenti Cozef Baydenlə və Rusiya rəhbəri Vladimir Putin arasında videokonfrans formatında keçirilən görüş 2 saat çəkib. Görüşün əsas mövzusu Ukrayna olub. Ağ Evdən verilən açıqlamada bildirilib ki, görüş zamanı Bayden rusiyalı həmkarı Vladimir Putinə “Amerikanın Moskvanın Ukrayna yaxınlığında qoşun toplamasından narahatlığını” çatdırıb. Bayden söz verib ki, Vaşinqton və onun müttəfiqləri hərbi eskalasiya halında güclü iqtisadi və digər tədbirlərlə cavab verəcək. 

Ağ Ev başçısı Ukraynanın suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyini təkrarlayıb. Həmçinin, vurğulanıb ki, prezidentlər öz komandalarına danışıqları davam etdirməyi tapşırıblar. Vaşinqton bunu öz müttəfiqləri, tərəfdaşları ilə sıx koordinasiya şəraitində həyata keçirəcəyini bəyan edib. Liderlər strateji sabitlik, kibercinayətlər, o cümlədən İran da daxil olmaqla regional məsələlər üzrə də müzakirələr aparıblar. Əlbəttə, çoxdan gözlənilən görüşdə önəmli məsələ nələrin müzakirə edilməsi ilə bağlıdır. 

Ağ Evdən gələn açıqlamalar demək olar ki, görüşdən öncə mütəxəssislər tərəfindən təqribən ehtimal edilən mövzularla üst-üstə düşür. Görüşün əvvəlcədən gərgin atmosferdə keçəcəyi məlum idi. Rusiya ona qarşı tətbiq edilən sanksiyaların aradan qaldırılmasını istəyir. Eyni zamanda Ukraynanın NATO-ya daxil olmasının qarşısını almaqla hərbi alyansın Rusiyanın sərhədlərinə gəlib çıxmasını əngəlləməyə çalışır. 

Sözsüz, ABŞ-ın da öz maraqları var. Görüşdən öncə Rusiya Prezidenti Vladimir Putinin işlətdiyi “Ukrayna bizim qırmızı xəttimizdir” ifadəsinə münasibət bildirən Bayden heç bir “qırmızı xətt” tanımadığını bildirib. Siyasi təhlilçilərə görə, hər iki tərəfin Ukrayna məsələsində dirəniş göstərməsi Ukraynada stabilliyin uzun müddət arxa planda qalacağını göstərir. Rusiya iqtisadiyyatına tətbiq edilən sanksiyaların da tezliklə aradan qaldırılacağı inandırıcı görünmür. Həm də bölgədə mövqe və nüfuz müharibəsinin getdiyi də sirr deyil. O səbəbdən nəticəsiz Bayden-Putin görüşünün Donbasda müharibənin başlanmasına gətirib çıxaracağını iddia edənlər də var, əksini düşünənlər də. 

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu “Şərq”ə açıqlamasında deyib ki, prezidentlər yekun qərara gəlməsələr də, dialoqu davam etdirəcəklərini bildirdilər. Politoloqun sözlərinə görə, Co Bayden Vladimir Putindən təminat almaq istəyirdi ki, Rusiya Ukraynaya hərbi müdaxilə etməyəcək. Öz növbəsində Putin də Baydendən təminat almaq istəyirdi ki, NATO Şərqə doğru genişlənməyəcək və Ukrayna Şimali Atlantika Blokuna üzv olmayacaq: 

“Bayden bununla bağlı Putinə təminat verə bilmədiyi kimi Putin də Baydenə heç bir təminat verməyib. Rusiya rəhbəri illərdir eyni fikri təkrarlayır. Deyir ki, 1990-cı illərdə Almaniya Federativ Respublikası Almaniya Demokratik Respublikası ilə birləşərkən və sovet qoşunları keçmiş sosialist Almaniyasını tərk edərkən ABŞ və Avropa dövlətləri NATO-nun genişlənməyəcəyini SSRİ-nin ozamankı lideri Mixail Qorbaçova vəd etmişdilər. Ancaq Vaşinqton və Brüssel şifahi verdikləri vədi yerinə yetirmədilər. 

Ona görə indi Moskvaya yazılı təminat lazımdır ki, hərbi alyans bundan sonra Şərqə doğru genişlənməyəcək. Putin bunu Rusiya üçün “qırmızı xətt” adlandırır. 

Buna cavab olaraq Bayden və hərbi blokun rəhbərliyi Moskvanın tərtib etdiyi “qırmızı çizgini” tanımadıqlarını bəyan edirlər. Həqiqətən Ukrayna və Gürcüstan müstəqil dövlətlərdir və istədikləri təşkilata üzv ola bilərlər. 

Kremlin məntiqindən belə çıxır ki, Ukrayna və ya Gürcüstan NATO-ya üzv olsalar, bu iki ölkə Rusiya tərəfindən yenidən cəzalandırılacaq. Bu, imperiya təfəkkürüdür”.

E.Şahinoğlu Ukrayna-Rusiya gərginliyinin müharibəyə çevrilmə ehtimalından da danışıb: 

“Ukraynalı hərbçilərin sözlərinə görə, Rusiya sərhəddə 92 mindən çox hərbçi cəmləşdirib. Bəzi mülahizələrə görə, iki ölkə arasında müharibə gələn ilin yanvar və fevral aylarında başlaya bilər.

 Ukrayna Müdafiə Nazirliyi hücumun necə həyata keçiriləcəyi mexanizmini açıqlayıb. Kiyevin iddiasına görə, Rusiya Odessa və Mariupol şəhərlərinə desant çıxaracaq. 

Növbəti müharibənin 2014-cü ildəki müharibədən daha dəhşətli olacağı ehtimal edilir. Bu senariyə görə, hücumdan əvvəl Rusiya Ukraynadakı tərəfdarları vasitəsilə qarışıqlıq yaradacaq, mitinq və küçə yürüşləri təşkil edəcək. 

Prezident Vladimir Zelenski də ona qarşı qiyam hazırlandığını bildirdi. Yəni əvvəlcə qiyam olacaq, bundan sonra Rusiya Donbas əhalisini qorumaq adı altında bu bölgəyə daxil olacaq. Krım da oxşar senari ilə ilhaq olunmuşdu. Ukrayna müxtəlif ölkələrdən modern silahlar və hərbi texnika alıb. 

Rusiyada şübhələnirlər ki, Ukrayna prezidenti orduya Donbasa daxil olmağa əmr verə bilər. Rusiya buna cavab olaraq Ukrayna ilə sərhədə qoşun toplayıb. 

Bu, Kremlin Kiyevə qarşı həm də psixoloji savaşıdır. Kreml bu yolla Kiyevə mesaj yollayır ki, əgər Ukrayna ordusu Donbasda genişmiqyaslı hərbi əməliyyata başlasa, Rusiya ordusu Donbasa daxil olacaq və burada pasport payladığı vətəndaşlarını qoruyacaq.

 Hətta Rusiyanın Donbasla kifayətlənməyəcəyi, Ukraynanın Mariupol və Odessa şəhərlərini də ələ keçirəcəyi deyilir”. 

Siyasi təhlilçi Ukraynanın parçalanması barədə Moskvada planlar tərtib edənlərin olduğunu deyib:

 “Maripuol və Odessa Ukrayna üçün strateji liman şəhərləridir. Ukrayna üçün əsas problem odur ki, bu şəhərlərdə Rusiyaya rəğbət bəsləyənlərin sayı az deyil. Ona görə də Kiyev Donbas və Krımın geri qaytarılması barədə düşünməklə yanaşı yeni ərazilərin işğal altına keçməməsi üçün də var gücüylə çalışmalıdır. 

ABŞ və Avropa Ukraynanın müdafiəsini gücləndirmək istəyirsə, bu ölkənin NATO-ya üzvlüyü məsələsini sürətləndirməlidir. 2008-ci ilin aprel ayında Buxarest sammitində Gürcüstanın və Ukraynanın bloka üzvlüyü qəbul edilsəydi, Rusiya nə Gürcüstana müdaxilə edərdi, nə də Krımı ilhaq etməklə Ukrayna ərazisində növbəti separatçı bölgə yaradardı. 

O zaman Fransa və Almaniya bunun əleyhinə çıxdılar. İndi də Paris və Berlin Gürcüstan və Ukraynanın NATO üzvlüyünün əleyhinədir. Vaşinqtonun Paris və Berlinə təzyiq edib bu məsələni həll etməsi aktuallaşıb.

 Əks halda Rusiya münasib vaxtda Ukrayna ərazisinə müdaxilə planından imtina etməyəcək. Ukraynanı qorumağın başqa bir variantı da var: ABŞ və müxtəlif Avropa ölkələri Ukraynada hərbi bazalar yaradırlar. Bu amil də Rusiyanı Ukraynaya hərbi müdaxilədən çəkindirə bilər”.