Almaniyada hökumət, dövran dəyişdi

Yeni hökumət ABŞ və Rusiya ilə nizamlı dialoqa başlayacaq

“Almaniyada uzun müddətdən sonra hakimiyyətə 3 partiyalı koalisiya gəldi”. Bu barədə politoloq Elman Vəliyev deyib. Analitik bildirib ki, Sosial Demokrat (qırmızılar), Yaşıllar və Azad Demokrat (sarılar) partiyalarından ibarət yeni hökumət bir çox sahədə dəyişikliklər edəcək: “Yeni hökumətə sabiq kansler Angela Merkelin maliyyə naziri olmuş Olaf Şolts başçılıq edəcək. 

Hökumətin proqramına əsasən sosial məsələlər, iqlim məsələləri daxil olacaq. Amma siyasi məsələlər də geri qalmayacaq. Keçmiş kansler Merkelin vaxtında Almaniya-Rusiya münasibətləri nizamlı şəkildə davam edirdi. Hətta Rusiya “Şimal axını 2” layihəsini həyata keçirdə bildi. Bu layihə vasitəsilə Rusiya qazı Almaniya və digər Avropa ölkələrinə çatdırılır”.

Ekspertə görə, yeni hökumət Amerika ilə münasibətləri daha da möhkəmləndirməyə çalışacaq: “Ancaq Rusiya yeni hökumətlə daha tez dialoqlara başlayacaq. 

Çünki Almaniya ilə nizamlı diplomatiya Rusiyaya lazımdır. Almaniya da Ukrayna məsələsinə görə narahatdır. Rusiya bilir ki, Ukraynaya qarşı təzyiqlər etsə, Almaniya qaz layihəsinə sanksiyalar tətbiq edə bilər. 

Düşünürəm ki, “İşıqfor” hökuməti Türkiyə ilə əlaqələri də möhkəmləndirəcək. Hətta miqrantlar məsələsinə görə yardımlar belə edə bilər”.