Rus əsgərlər ağlayırlar, təlaş içindədirlər

Onlardan biri anasına mesajda “bu anda yeganə istəyim özümü öldürməkdir” deyir

   İngiltərə kəşfiyyatı Ukraynanı işğal etməyə çalışan Rusiya ordusu daxilində təşviş və həyəcan yaşandığına dair səs yazıları əldə edib. Səs yazılarında ratsiya vasitəsilə danışan əsgərlərin komandanlığın Ukrayna şəhərlərinə raket və top atəşi açmaqdan imtina etdiyi, ordunun ərzaq və yanacaq təminatında problem yaşandığı məlum olur, əsgərlərdən birinin ağlamaq səsi eşidilir. Başqa bir əsgərsə ərzaq və yanacağın çatdırılması barədə “3 gündür burdayıq. Nə zaman hazır olacaq?” soruşur. 

Mesajlardan birində rus əsgər komanda mərkəzindəki başqa birisiylə mübahisə edir: “dinc əhali çıxmayanadək top atəşi açmayacağıq!”.  “Şərq” “Milliyet.com”a istinadən bildirir ki, səs yazıları haqqında “The Telegraph”a  “Shadow Break” kəşfiyyat şirkətinin qurucusu, 26 yaşlı Samuel Cardillo məlumat verib. S.Cardillo səs yazılarının xüsusi antenlər vasitəsi ilə dinlədildiyini söyləyib: “Əldə etdiklərimiz rus əsgərlərinin tamamilə həyəcan, təlaş içində olduğunu göstərir. Hara getdikləri, bir-biriləriylə düzgün bir şəkildə ünsiyyət qura biləcəklərinə dair heç bir fikrə malik deyillər. Rus əsgərlər ağlayır, bir-birini söyür, təhqir edir. Bu da əsgərlər arasında ruh düşkünlüyü olduğunu göstərir. Əsgərlərdən biri isə anasına göndərdiyi mesajda “bu anda yeganə istəyim özümü öldürməkdir” deyir.  

S.Cardillo deyib ki, bu səs yazıları, əsgərlərin mesajları eyni zamanda müharibə cinayətlərini təsdiqləyir. Və müharibə cinayətlərinin sübutu üçün əsaslı dəlillərdir.