“Türkiyə Rusiyanın Ukraynaya təcavüz ssenarisinin doğurduğu fəlakətli mənzərədə elə nöqtədə dayanır ki, nə Moskva ilə konfrontasiya yaransın, nə də ki Kiyev üzərindən dəstək əlini çəksin”
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Ukrayna dövlət başçısı Volodimir Zelenski arasında telefon danışığı olub.Söhbət zamanı tərəflər Ukrayna-Rusiya müharibəsində son hadisələri müzakirə ediblər.R.T.Ərdoğan ukraynalı həmkarı ilə Rusiya Prezidenti Vladimir Putini bir araya gətirmək üçün səylərini davam etdirəcəyini söyləyib.O Zelenskiyə ən qısa zamanda daimi atəşkəsə nail olmağı hədəflədiklərini və müharibənin davam etdirilməsinin heç kimə fayda vermədiyini deyib.
Analitik Aqşin Kərimov liderlərin telefon görüşməsindən “sherg.az”a danışarkən bildirib ki, hazırda V.Zelenski və V.Putin üçün ən etibarlı vasitəçi Türkiyə lideri R.T.Ərdoğandır:
“Türkiyə Rusiyanın Ukraynaya təcavüz ssenarisinin doğurduğu fəlakətli mənzərədə elə nöqtədə dayanır ki, nə Moskva ilə konfrontasiya yaransın, nə də ki Kiyev üzərindən dəstək əlini çəksin. Bu gün Türkiyə ədalətə söykənərək Ukraynaya əhəmiyyətli dəstək verir. Zelenski özü dəfələrlə Ərdoğana təşəkkür edib.Bu rəsmi Ankaranın qaynayan beynəlxalq nizamda hansı mühüm mövqedə olduğunun göstəricisidir”.
A.Kərimovun fikrincə,Türkiyə NATO üzvü olsa da, onu Rusiyaya yaxınlaşdıran xeyli əsaslı səbəblər var:
“Hazırkı vəziyyətdə rəsmi Ankara NATO maraqlarını yox, ən çox özünün suverenlik və təhlükəsizlik prinsiplərini rəhbər tutur. Ərdoğan Putin üçün də, Zelenski üçün də böyük ümiddir. Görünən odur ki, elə Putin-Zelenski görüşü də Ərdoğanın vasitəçiliyi ilə baş tutacaq”.
Siyasi şərhçinin qənaətincə,hazırda baş tutan görüşlər Türkiyə-Rusiya, Türkiyə-Ukrayna təmasları daha çox Ankaranın vasitəçilik təşəbbüsünün üstünlük qazanması deməkdir:
“İndi Türkiyə haqlı olaraq və səmimi şəkildə müharibənin əleyhinə çıxış edir və tərəflərdən birini “qaza gətirmək” sevdasına düşmür”.