Türkiyə Rusiya-Ukrayna müharibəsində vasitəçiliyini davam etdirəcək


Türkiyə Milli Təhlükəsizlik Şurasının Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə iclası keçirilib.

Bu barədə “Report” “Haber Global”a istinadən xəbər verir.

Məlumata görə, iclas təxminən 3 saat 45 dəqiqə davam edib.

Toplantıda Rusiya-Ukrayna müharibəsi müzakirə olunub. İclasın yekunları ilə bağlı yayılan açıqlamada “Problemlərin Ukraynanın ərazi bütövlüyü nəzərə alınmaqla daimi həll edilməli” olduğu bildirilib.

Açıqlamada həmçinin vurğulanıb ki, Montrö Konvensiyasının bütün maddələrinə ciddi şəkildə əməl olunmalıdır.

“Türkiyə Qara dənizdə sülh və sabitliyin qorunması üçün Montrö konvensiyasının həyata keçirilməsi ilə yanaşı, vasitəçilik və asanlaşdırma səylərini davam etdirəcək”, - açıqlamada qeyd olunur.

Montrö Konvensiyası 1936-cı il iyulun 20-də imzalanmış və həmin il noyabrın 9-da qüvvəyə minib.

Konvensiya Türkiyənin Bosfor və Dardanel boğazları üzərində suverenliyini möhkəmləndirib. Qara dəniz dövlətlərinin Türkiyə hakimiyyət orqanlarını əvvəlcədən xəbərdar etmək şərti ilə sülh dövründə istənilən sinifdən olan hərbi gəmiləri boğazlardan keçə bilər. Bu regiondan olmayan dövlətlərin dəniz güclərinin döyüş gəmiləri üçün sinif və tonaj üzrə əhəmiyyətli məhdudiyyətlər tətbiq olunub.

Bununla belə, konvensiyanın mətnində müharibə vaxtı ilə bağlı bəndlər var. Türkiyə münaqişə tərəfi olub-olmamasından asılı olaraq, boğazlardan keçidi tənzimləmək üçün əlavə səlahiyyətlərə malikdir. Bəzi hallarda Ankara bunun regionda təhlükəsizliyi pozacağını və ya özünə təhlükə yaradacağını hesab edərsə, hər hansı ölkəyə boğazlardan istifadəni qadağan edə bilər.

Bizim Twitter səhifəmizə abunə olun