Zelenski NATO-dan real hərəkətin gözlədiyini bildirib

"Bir daha Ukrayna ordusunun NATO standartlarına cavab vermədiyini deməyin".

APA-nın xəbərinə görə, bunu Ukrayna Prezidenti Volodimir Zelenski NATO-ya üzv ölkələrin dövlət və hökumət başçılarının fövqəladə iclasında videoformatda çıxışı zamanı deyib.

"Sizdən tək bir xahişim var. Hərbçilərimizin xətrinə xahiş edirəm... Artıq bir aydır davam edən belə bir müharibədən sonra... Rusiyaya qarşı müharibədən sonra... Sizdən xahiş edirəm ki, bir daha heç vaxt bizə ordumuzun NATO standartlarına cavab vermədiyini deməyin", - Ukrayna lideri bildirib.

"Biz standartlarımızın nəyə qadir olduğunu göstərdik. Avropada və dünyada ümumi təhlükəsizliyə nə qədər töhfə verə bilərik, göstərdik. Dəyər verdiyimiz hər şeyi təcavüzdən qorunmaq üçün nələr edə bilərik, göstərdik", - o vurğulayıb.

Zelenskinin sözlərinə görə, NATO hələ alyansın insanları xilas etmək üçün, dünyada həqiqətən güclü müdafiə ittifaqı olduğunu nümayiş etdirmək üçün nələr edə biləcəyini göstərməyib: "Dünya gözləyir. Ukrayna gözləyir. Real hərəkət gözləyirik. Əsl təhlükəsizlik təminatları... Sözünə güvənməyə dəyər, əməli sülhü qoruya bilənlərdən... Təkliflər masanın üstündədir. Bizim ehtiyaclarımız masanın üstündədir. Bizə dərhal sülh lazımdır. Cavab ancaq sizindir".