Lənət lövhəsi aşkarlandı


İsraildə yazının əmələ gəldiyi tarixə yeni baxış ortaya çıxacaq


İsrailin Ebal dağı ətəklərində axtarış aparan arxeoloqlar poçt qəpiyindən bir qədər böyük lövhəcik aşkarlayıb. Lövhənin konkret hansı tarixə malik olduğu müəyyənləşərsə İsraildə yazının əmələ gəldiyi tarixə yeni baxış ortaya çıxacaq.

“Şərq” “Milliyet.com.tr”yə istinadən bildirir ki, mərkəzi ofisi ABŞ-da yerləşən  “Associates for Biblical Research” arxeoloji şöbəsinin bir qrup alimi 2019-cu ildən etibarən İsrailin Nablus şəhərinin şimalındakı Ebal dağının ətəklərində arxeoloji qazıntı aparır. Arxeoloqlar qazıntılar zamanı üzərində qədim ibrani dilində yazı olan lövhəcik aşkarlayıb. Lövhənin üzərində “Lənətlik, lənətlik, lənətlik – Tanrı Yahveh tərəfindən lənətləndi” ifadələri yazılıb. Arxeoloqlar “Yahvey” sözünün ibrani dilində Allah – Tanrı anlamı verdiyini bildirir. Qazıntılara rəhbərlik edən doktor Skott Striplinq deyib ki, lövhənin hər iki üzündə 40 hərf “xilas edilib”. Bunlar erkən tunc dövrünə aiddir. Ehtimal edilir ki, lövhə miladdan öncəki dövrdən günümüzədək gəlib çıxıb. Əgər mülahizələr doğrulsa, bu tapıntı indiyədək məlum olan tarixi köklü şəkildə dəyişəcək.  S.Striplinq “onu görər-görməz nə olduğunu anladım. Bu, lənət lövhəsi idi.

Onu tanıdım. Qəlbim az qala yerindən çıxacaqdı”, söyləyib. Tapıntının israillilərin tarixin hansı dövründə yazıyla tanışlığının başladığına dair mübahisələrə son qoya biləcəyi də deyilir. Mülahizələr təsdiqini taparsa, israillilərin oxu-yazı tarixi daha bir neçə yüzillik irəli çəkiləcək. Təl-Əviv Universitetinin professoru, arxeoloq İsrael Finkelşteyn isə Ebal dağı ətəklərindəki tapıntı ilə tədqiqatçıların iddiaları arasında böyük boşluq olduğunu deyib: “İncil və əski İsrail tarixi haqqında bildiyimiz hər şeyi zahirən dəyişdirən kəşflərlə bağlı sensasion iddialardan rahatsızam”.