“Qiyamət qatarı” şok yaratdı

Çin nüvə silahlarını dünyaya daşıyacaq

Çindən ürküdücü xəbərlər gəlir. Xarici mediada yer alan məlumata görə Çin hökuməti sürət qatarlarından nüvə silahı daşıyıcısı kimi istifadə etməyi planlaşdırır.  İndiyədək nüvə silahlarının səmadan, dənizdən işə salına biləcəyi bildirilirdisə, bundan sonra sürət qatarları da bu dəhşəti dünyaya daşıyacaq. Çində aparılan tədqiqat sürət qatarlarının nüvə silahı daşımaq üçün uyğun olduğu gerçəyini ortaya qoyub. Vaxtilə SSRİ də bunu təcrübədən keçirirmiş. 

Lakin SSRİ ilə ABŞ arasında nüvə silahlarına moratorium qoyulmasıyla bağlı imzalanan müqavilə sonrası bundan əl çəkildi. Çin isə göründüyü qədər bu təcrübəni yenidən tətbiq etməyə hazırlaşır. Çinin Siçuan əyalətinin paytaxtı Çenqdu şəhərindəki universitetdə inşaat mühəndisliyi tədris edən dosent Yin Zihonq və rəhbərlik etdiyi işçi qrup apardıqları tədqiqatlarla sürət qatarları vasitəsilə nüvə silahından istifadə edilə biləcəyi nəticəsini əldə edib. Tədqiqat zamanı saatda 350 km. sürətlə hərəkət edən, 60 ton ağırlığında, 16 vaqondan ibarət qatar maketindən istifadə edilib. Qatarın “Qiyamət qatarı” ola biləcəyi, nüvə silahlarını daha sürətlə daşıya və atəş aça biləcəyi nəticəsinə gəlinib. Bunun bir səbəbi də dəmiryollarının daha keyfiyyətli, ağırlığa davamlı inşa edilməsidir. 

Çin ordusunun 2016-cı ildə bir qatar vaqonundan nüvə raketi fırlatdığı da məlumdur. Bu qatarlar zahirən mülki nəqliyyat kimi görünəcək, daxildə isə silah daşıyıcısı olacaq.