NATO Avropa ilə kifayətlənmir

Alyans Asiya dövləti olan Cənubi Koreya ilə də əməkdaşlığı genişləndirir

İsveç parlamenti NATO-ya üzvlüyün regionda təhlükəsizliyi gücləndirəcəyini bəyan edib. İsveçin Xarici işlər naziri Ann Linde NATO-ya üzvlüyün “sabitləşdirici təsiri” olacağını diqqətə çatdırıb. O qeyd edib ki, İsveçin quruma üzvlüyü hərbi münaqişələrin baş vermə ehtimalını yüksək dərəcədə azaldacaq: “Beləliklə, Avropanın şimalında münaqişənin qarşısını alacaq təsirə malik olacaq”. 
Xatırladaq ki, mayın 12-də İsveçin qonşusu Finlandiya hökuməti NATO-ya üzvlük prosesinin başladılmasına rəsmi təsdiq verib. 
Politoloq Elxan Şahinoğlu “Şərq”ə açıqlamasında bildirib ki, Finlandiya və İsveç Ukraynadakı işğalçı müharibə fonunda NATO-ya üzv qəbul edilərsə, bu amilin özü Kremlin regional siyasətinin növbəti məğlubiyyəti olacaq. Çünki Finlandiya və İsveç keçmişdə SSRİ, sonrakı illərdə isə Rusiya ilə münasibətləri gərginləşdirməmək üçün NATO-ya üzv olmurdular: 

“Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsi yeni reallıqlar yaradıb. Rusiya ilə əməkdaşlıqdan uzaqlaşmaq və bu dövlətdən özünü qorumaq istəyənlərin sayı artıb. Şimali Atlantika Bloku Finlandiya və İsveçi üzvlüyə qəbul etməyə hazırdır. Ancaq qəbul müəyyən prosedurların həyata keçirilməsini tələb etdiyindən Böyük Britaniya İsveç və Finlandiya ilə ikitərəfli hərbi əməkdaşlıq sazişi imzaladı. London bunu ona görə etdi ki, Finlandiya və İsveç Bloka üzv olana qədər Rusiyanın hədələrindən qorunsunlar. Moskvada anlasınlar ki, bu iki ölkəyə qarşı hansısa təxribat planlaşdırsalar qarşılarında Böyük Britaniyanı görəcəklər”.
Ekspert vurğulayıb ki, NATO Avropa ilə kifayətlənmir: “Şimali Atlantika Bloku Asiya dövləti olan Cənubi Koreya ilə də əməkdaşlığı genişləndirir. Cənubi Koreya bayrağı ilk dəfə olaraq Estoniyanın paytaxtı Tallindəki kibermüdafiə mərkəzində qaldırıldı. Əməkdaşlığa cəlb edilən Cənubi Koreya NATO üzvü olmayan beşinci ölkədir. Cənubi Koreyanın Milli Kəşfiyyat Xidməti 2019-cu ildən müxtəlif təhlükələrə cavab vermək üçün dünya səviyyəli bacarıqlara sahib olmağı qarşısına məqsəd qoyub. ABŞ Prezidenti Co Baydenin 20-22 may tarixləri arasında Seula səfəri zamanı bölgənin təhlükəsizlik məsələləri müzakirə olunacaq. Səfər zamanı ABŞ-Cənubi Koreya-Yaponiya üçlü ittifaqının formalaşacağı da planlaşdırılır”.