İsveç və Finlandiya terror təşkilatlarına açıq dəstək verir



Türkiyə bu ölkələrin NATO-ya üzv qəbul olunmasına qarşı çıxmasında tam haqlıdır


   İsveç və Finlandiya NATO-ya üzvlüklə bağlı rəsmən qərar qəbul ediblər. Almaniyanın Xarici işlər naziri Annalena Berbok deyib ki, əgər təşkilata üzv olmaq üçün müraciət edilsə, Almaniya müvafiq sənədləri dərhal ratifikasiya edəcək. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankaranın Finlandiya və İsveçin NATO-ya daxil olması imkanını müsbət hesab etmədiyini deyib. Onun sözlərinə görə, Skandinaviya ölkələri terror təşkilatları, o cümlədən PKK üçün “qonaq evidir”. Həmçinin, Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyə vətəndaşlarının əksəriyyətinin bu ölkələrin NATO-ya daxil olmasını istəmədiyini və Ankaradan prosesin qarşısını almağı xahiş etdiyini bildirib. O, bu məsələni alyansdakı müttəfiqləri, eləcə də Helsinki və Stokholmla müzakirə etmək niyyətində olduğunu vurğulayıb: “Türkiyə hər zaman “açıq qapı” siyasətinin tərəfdarıdır. Gürcüstan, Ukrayna və Bosniya və Hersoqovinanın üzvlük məsələsinə bir çox ölkə qarşı olduğu zaman Türkiyə onlara dəstək olub. İsveç və Finlandiyanın üzvlüyü ilə bağlı mövqeyimizi Prezident Ərdoğan ortaya qoyub. 

Biz NATO-nun genişləndirilməsinə qarşı olduğumuz üçün deyil, terror təşkilatlarına dəstək verən ölkələrinin alyansa üzv ola bilməmələrinə inandığımız üçün bu mövqedəyik. Bu iki ölkə terror təşkilatlarının üzvləri ilə görüşlər aparır, biz bu məlumatları müttəfiqlərimizə təqdim etdik. Biz onlarla da görüşdüyümüz zaman narahat olduğumuz mövzuları bir daha açıq şəkildə söylədik. Bundan əlavə, bu iki ölkə Türkiyəyə qarşı hərbi ixracatda məhdudiyyətlər tətbiq edir, amma NATO çərçivəsində olacaq müttəfiqlərin bunu etməsi yanlış olar”. 
Bundan əlavə, Mövlud Çavuşoğlu İsveç xarici işlər nazirinin bu məsələ ilə bağlı açıqlamalarının yolverilməz, finlandiyalı həmkarının yanaşmasını isə real və müsbət olduğunu qeyd edib: “Türkiyənin narahatlığının aradan qaldırılması istiqamətində Alyans çərçivəsində işləmək təklifi irəli sürülüb”. Ankara bəyan edib ki, İsveç və Finlandiya Türkiyənin qırmızı xətti olan PKK-ya açıq dəstək göstərir, xeyli sayda FETÖ terrorçularına bu ölkədə yaşam haqqı verirlər. İsveç 2021-ci ildə rəsmən PKK-nın Suriya qolu YPG-yə 221 milyon avro yardım edib. Bir qrup terrorçu İsveç parlamentində qəbul edilib, terrorçulara parlamentdə çıxış imkanı verilib. 

Türkiyənin bu məsələdə geri addım atması inandırıcı olmasa da, İsveç və Finlandiyanın Türkiyəyə hansı təkliflər irəli sürəcəyi maraqlıdır. Rəsmi Ankara Finlandiya və İsveçin NATO-ya daxil olması qarşılığında F-35 proqramına qaytarılması, ölkədəki miqrantlar qarşlığında Qərbdən iqtisadi yardımların artırılması kimi tələbləri irəli sürə bilər. Məsələ ondadır ki, hər iki ölkənin hərbi alyansa üzv ola bilməsi üçün Türkiyə də daxil olmaqla, bütün NATO üzvlərinin razılığı tələb olunur. Qurumun baş katibi Yens Stoltenberq Finlandiya və İsveçin təşkilata üzvlük prosesini dəyərləndirib. Stoltenberq Türkiyə ilə bağlı açıqlamalar da verib. Qeyd edib ki, Türkiyə mühüm müttəfiqdir: “Ortaq dil tapa biləcəyimizdən əminəm. Çavuşoğlu ilə təmaslarımızı davam etdirəcəyik”.

 Almaniyanın paytaxtı Berlində keçirilən NATO Xarici İşlər Nazirləri Toplantısında “Covid-19”a yoluxan NATO-nun baş katibi Yens Stoltenberqin yerinə müvəqqəti idarə edən Geoana girişdə jurnalistlərin suallarını cavablandıraraq deyib: 

“Mayın 14-də Türkiyə ilə Finlandiya və İsveçin mümkün üzvlüyü ilə bağlı danışıqlar apardıq. Bu, açıq və konstruktiv görüş oldu. NATO-nun mühüm müttəfiqi olan Türkiyə rəsmiləri narahatlıqlarını dilə gətirdilər. İnanıram ki, İsveç və Finlandiya yaxın günlərdə NATO üzvü olmaq qərarına gəlsələr, lazımi şəraiti yaradacağıq. Bu iki ölkəni alqışlamaq və konsensus əldə etmək lazımdır”. İsveçin müdafiə naziri Petr Hultkvist Ankara ilə müzakirələr aparmaq üçün bir qrup rəsmi şəxsin Türkiyəyə göndəriləcəyini deyib: “Məsələnin nədən qaynaqlandığını və necə həll olunacağını nəzərdən keçirəcəyik. Lakin NATO-dan aldığımız siqnallar ondan ibarətdir ki, həm İsveçin, həm də Finlandiyanın alyansa qəbul edilməsi barədə razılıq əldə olunub”. 
İsveç və Finlandiya məsələsinə Rusiya da reaksiya verib. Prezident Vladimir Putin bildirib ki, NATO-nun genişlənməsi problemdir. Onun sözlərinə görə, qurumun genişlənməsi xarici siyasətdə alət kimi istifadə olunur: “Bütün bunlar təhlükəsizlik sahəsində sadə olmayan beynəlxalq vəziyyəti dərinləşdirir. O ki qaldı şimal alyansının yeni üzvlər - Finlandiya və İsveçin hesabına genişlənməsi, məlumat verim ki, Rusiyanın bu dövlətlərlə heç bir problemi yoxdur. Ona görə də bu mənada bu ölkələrin hesabına NATO-nun genişlənməsi Rusiya üçün təhdid yaratmır. Lakin bu ərazilərdə hərbi infrastrukturun genişlənməsi isə sözsüz ki, bizi cavab tədbirləri görməyə çağırır. Problem boş yerə yaradılır. Biz buna müvafiq şəkildə reaksiya verəcəyik”. 
Xarici işlər nazirinin müavini Sergey Ryabkov isə bildirib ki, Moskva Finlandiya və İsveçin NATO-ya daxil olması ilə barışmayacaq: “Onların qərarı böyük nəticələrə gətirib çıxaracaq səhvdir. Hərbi gərginliyin ümumi səviyyəsi artacaq. Təəssüf ki, sağlam düşüncə bəzi fantom ideyalara qurban verilir”. 

Politoloq Azər Qasımov “Şərq”ə açıqlamasında bildirib ki, Türkiyənin Finlandiya və İsveçin NATO-ya qəbul edilməsinə qarşı çıxmasının Rusiya ilə heç bir əlaqəsi yoxdur. Analitikə görə, məsələnin kökündə Skandinav ölkələrində və qismən Finlandiyada uzun illərdir kök salmış PKK və FETÖ terrorçularının varlığı dayanır:

 “Türkiyənin əlinə bu iki ölkənin siyasətlərində köklü dəyişiklik edilməsi üçün onlara təzyiq etmə fürsəti düşüb. Ankara bundan istifadə etmək istəyir. Burada qeyri-müəyyən hal yoxdur. Türkiyə vaxtilə Yunanıstanın təkrar NATO-ya alınması zamanı etdiyi səhvi etmək istəmir. Əslində, Finlandiya və İsveçin təşkilata alınıb-alınmaması praktiki baxımdan heç nəyi dəyişməyəcək. 

Onsuz da Böyük Britaniya və ABŞ hər iki ölkəyə təhlükəsizlik qarantiyası verir və ehtiyac halında bu ölkələrə öz ordusunu yerləşdirir. Ancaq qardaş Türkiyənin bu ölkələrin NATO-ya alınması ilə əlaqəli bazarlıq predmetləri çoxdur. 

Məsələn, Suriya, PKK, F 35, silah embarqosu, terrorçular, iqtisadi təzyiqlər və s. Bu şərtlərdən bəziləri və ya bir çoxu ilə əlaqəli müsbət nəticə Türkiyə üçün faydalı olacaq. 

Rusiyaya gəldikdə isə Kremlin başını soxduğu bataqlıq gec-tez onu tamamilə içinə çəkəcək. İsveç və Finlandiya kimi ölkələrin hərbi alyansa üzv qəbul olunmaması belə Moskvanı xilas etməyəcək. Buna heç kimin şübhəsi olmasın”.