Rusiya hədəfinə çata bilməyəcək

Qərbin Ukraynaya yolladığı silah, sursat, texnika işini görür

“Qərb Rusiyaya ziyan vurmaq üçün Kiyev-Moskva danışıqlarını uzatmaq istəyir”. Bunu Rusiyanın Xarici işlər naziri Sergey Lavrov deyib. XİN rəhbəri bildirib ki, müxtəlif kanallar vasitəsilə məlumat var ki, Ukrayna tərəfdən danışıqlar aparanlara rəhbərlik Vaşinqton və London tərəfindən edilir və onların manevr etmək azadlığı tənzimlənir. Lavrov əlavə edib ki, danışıqların Vaşinqton və ya London səviyyəsinə keçirilməsinin nəyisə dəyişəcəyinə ümid yoxdur. Rusiyanın xarici işlər nazirinin sözlərinə görə, Moskvanın əlində Qərbin Ukraynaya təhlükəsizlik zəmanəti verməyə hazır olmadığına dair məlumatlar var: 

“Kiyev Qərbdən Ukraynanın təhlükəsizlik zəmanətlərini imzalamağa hazır olduğuna dair zəmanət almayıb”. Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko da iddia edib ki, Kiyev faktiki olaraq danışıqlar prosesindən çıxıb. Onun sözlərinə görə, Kiyev Rusiyanın təklif etdiyi müqavilə layihəsinə cavab verməyib. Rudenko bildirib ki, Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqlar davamlı aparılmır. Kremlin mətbuat katibi Dmitri Peskov Rusiyanın qalib gələcəyini, bütün məqsədlərinə çatacağını söyləyib. Kremlin sözçüsü Putinin ölkəni hara apardığını bildiyini vurğulayaraq, burada siyasi konsensusun və dövlət başçısına son dərəcə yüksək səviyyədə dəstəyin olduğuna diqqət çəkib: “Bütün ölkə onu dəstəkləyir. Əminəm ki, siz onu dəstəkləyirsiniz, gənclər də dəstəkləyir, ölkəmizin bütün nəsilləri onu dəstəkləyir”. Məlumat üçün deyək ki, rus rəsmilərinin açıqlamasından fərqli olaraq bütün dünya KİV-ləri, o cümlədən Ukrayna mətbuatı rusların cəbhənin bütün istiqamətlərində ciddi uğursuzluq əldə etməsindən, kilometrlərlə geri çəkilməsindən yazır. 
Siyasi şərhçi Elçin Alıoğlu bildirib ki, hərbi əməliyyatların mənzərəsi Rusiyanın müharibədə əhəmiyyətli irəliləyişlər əldə edə bilməməsini göstərir. Ekspertin sözlərinə görə, rəsmi Moskva, Rusiya rəhbərliyi və xüsusilə də Rusiya mediasındakı propaqandonlar “uğurlu irəliləyişlər”, “sıralanan qələbələr” barədə istədikləri qədər danışa bilərlər: “Reallıq isə budur. Rusiya Prezidenti Vladimir Putinin bəyan etdiyi “xüsusi hərbi əməliyyatın ikinci mərhələsi” başlayan təki fiasko ilə bitdi. Donetskdə və Luqanskda Ukrayna ordusunun 48,5 minlik qruplaşmasını tam mühasirəyə alacağına "çox az vaxt qaldığını" vurğulayan Rusiya Müdafiə naziri Sergey Şoyqu indi kiçik taktiki uğurlarla kifayətlənmək məcburiyyətindədir. Ukraynada müharibə başlayandan bəri Rusiya heç bir iri yaşayış məntəqəsinə tam nəzarətə nail olmayıb. İşğal edilmiş şəhərlərdə partizan hərəkatı genişlənir. Diversiyalar və "vur-qaç" taktikası ilə döyüşən ukraynalıların ağır, dəqiq zərbələrindən ciddi itkilər verən rusiyalılar ərazilərə nəzarət edə bilmirlər. Ehtimal edirəm ki, Donbass uğrunda döyüşlər avqustun ortalarınadək davam edəcək. Əsas səbəb Rusiyanın müharibəyə cəlb etdiyi şəxsi heyət və texnikanın sayıdır. Kəmiyyət baxımından hərbi əməliyyatlar teatrında ukraynalılarla rusiyalıların sayı eynidir. Keyfiyyət baxımından isə rusiyalılar uduzurlar. Təriflənən Rusiya hərbi texnikasının müasir Qərb silahları qarşısında duruş gətirə bilmədiyi, rusiyalı əsgərlərin döyüş ruhunun  və hazırlıq səviyyəsinin çox aşağı olması göz qabağındadır. Rusiyanın hərbi-sənaye kompleksinin imicinə İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusu ağır zərbə vurmuşdusa, Ukraynadakı müharibə Rusiyanın zirehli arabalarının keyfiyyətsizliyini ortaya qoydu. Bu isə Rusiyanın dünya silah, sursat və texnika bazarında indiki mövqelərini az sonra itirəcəyini labüd edir”.
E.Alıoğluna görə, Ukraynada rusiyalılar məhz ukraynalıların diktə etdiyi şərtlər çərçivəsində vuruşmaq məcburiyyətindədir: “Ukrayna ordusu hərbi birliklərin heyətlərini yeniləyir. Qərbin yolladığı silah, sursat və hərbi texnika da öz işini görür. Bunun müqabilində Rusiya Ukraynadakı döyüşlərə 30-35 ilin tanklarını yollayır. Donetsk və Luqansda küçələrdə tutduğu kişiləri "könüllü" adı ilə müharibəyə göndərir. Tərəflərdən heç biri əzici üstünlük əldə etmək iqtidarında deyil. Ən əsası isə Ukrayna müharibəsi Rusiyanın hərbi-siyasi rəhbərliyinə sərf edir. Kremldə kimsə müharibənin tezliklə başa çatmasını istəmir. Çünki müharibə Solovyov və Simonyan kimi mənəviyyatsızları, “casus və düşmən” axtarışlarında olan yarıtmaz xüsusi xidmət strukturlarını, enerjidaşıyıcıları, metal, gübrə, taxıl və s. sahəsindəki böyük şirkətləri yemləyir. Ukraynada ölən mişalar, saşalar Moskvada kimsənin vecinə deyil. Müharibə onlar üçün siyasi dividend, hakimiyyəti qorumaq və gəlir vasitəsidir”.