Dördtərəfli danışıqların nəticəsi müsbət sonluqla bitəcək

Milyonlarla insanın taleyi İstanbul görüşündən asılıdır

Ukraynanın blokadada qalan taxıl ehtiyatı mütləq ünvanına çatdırılmalıdır

  
  Ankara, Moskva, Kiyev və BMT arasında taxılla bağlı yeni görüşün ilkin tarixi iyulun 20-21-nə təyin edilib. Görüşə dair yeni şərtlər diplomatik kanallarla razılaşdırılacaq. İlkin olaraq 20-21 iyul tarixi seçilib. Bundan əvvəl İstanbulda Rusiya, Ukrayna, Türkiyə və BMT-nin hərbi idarələrinin nümayəndələrinin qapalı iclası keçirilib. Görüşün Türkiyə hərbi obyektlərindən birinin ərazisində keçirildiyi, mətbuatın tədbiri işıqlandırmasına icazə verilmədiyi bildirilib. Rusiya, Ukrayna, Türkiyə və BMT nümayəndələri arasında aparılan dördtərəfli danışıqların nəticəsi Ukrayna taxılının ixracına nəzarət etmək üçün Koordinasiya Mərkəzinin yaradılması haqqında qərar olub. Tərəflər ticarət gəmilərinin marşrutu boyunca təhlükəsizliyin təmin edilməsi məqsədilə naviqasiyaya birgə nəzarət mexanizmlərinin formalaşdırılması barədə razılığa gəliblər. 

Türkiyənin Müdafiə naziri Hulusi Akar bildirib ki, gələn həftə Rusiya ilə Ukrayna arasında taxıl ixracına dair sənədin imzalanması gözlənilir. O, nümayəndə heyətləri arasında danışıqların müsbət və konstruktiv keçdiyini, İstanbulda koordinasiya mərkəzinin yaradılması ilə bağlı əsas texniki məsələlər üzrə razılığın əldə olunduğunu diqqətə çatdırıb. “The Wall Street Journal” mənbələrə istinadən Ukrayna taxılının ixracına dair sövdələşmənin təfərrüatlarını açıqlayıb. Nəşr yazır ki, saziş atəşkəs şərti ilə Ukrayna gəmilərinin müşayiəti ilə karvanlarda taxılın Ukraynanın üç limanından ixracının mümkünlüyünü nəzərdə tutur. Bundan əlavə, Türkiyə Silahlı Qüvvələri limana gələn boş gəmiləri yoxlayacaq.

Politoloq Azər Qasımov “Şərq”ə deyib ki, hazırda Ukrayna dünya taxıl təhlükəsizliyinin mərkəzi sayılır. Analitikə görə, bütün ölkələr öz hesabatlarını ərzaq istehsal edən ölkələrin müəyyən olunduğu qlobal göstəricilərə əsasən aparırdı: 

“Hər ölkə istehsal etdiyi ərzağın və ya xammalın keyfiyyətini və miqdarını bu göstəricilərə əsasən planlaşdırırdı. İndi elə bir şərait yaranıb ki, Ukrayna istehsal etdiyi taxılı Rusiyanın Azov və Qara dənizin ölkəyə sərhəd bölgələrini işğal etdiyi üçün sata bilmir. Daha doğrusu, Rusiya bu satışa imkan vermir. Hətta bir hissəsini oğurlayıb, gizli marşrutlarla ucuz qiymətə digər ölkələrə satırlar. Həmin ölkələr qanuni şəkildə öz normativ paylarını almaq əvəzinə oğurluq taxılı ucuz qiymətə Rusiyadan almağa üstünlük verirlər. Bu da həmin taxılın getməsi nəzərdə tutulan Afrika ölkələrində aclıq yaranmasına səbəb olub. Afrika ölkələri çox vaxt BMT-nin yardım proqramları çərçivəsində Ukraynadan alınan taxıl hesabına gündəlik yaşamlarını sürdürürdülər”. 

  Ekspertin fikrincə, Türkiyənin təşəbbüsü və bilavasitə təşkilatçılığı ilə davam edən danışıqlar dördtərəfli görüşü labüd edir:

 “Hesab etmək olar ki, bu görüşlər müsbət nəticə ilə başa çatacaq. Rusiya bu görüşlərdən yəqin ki, özünün bir sıra tələblərinin yerinə yetirilməsini tələb edəcək. Danışıqların mütləq müsbət nəticə ilə başa çatması vacibdir. Çünki milyonlarla insanın taleyi bundan asılıdır. Bu, eyni zamanda, yeni taxıl biçini sezonunun başlaması ilə əlaqədar olaraq anbarların hələ də köhnə taxılla dolu olması ilə əlaqədar olaraq yeni taxılın saxlanmasına yerin olmaması baxımından da əhəmiyyət kəsb edir. Taxılın mühafizə olunmaması bu dəfə təkcə Afrika yox, bütün dünya üçün aclıq təhlükəsi deməkdir. Hesab edirəm ki, Rusiya düşdüyü Ukrayna cəhənnəminə qəsdən digər ölkələri də çəkmək bəhanəsi ilə Ukraynadakı taxıl istehsalına zərbə vurmaqla bütün dünya ölkələrinə zərbə vuracaq qədər alçalmayıb”.