Tehran sammiti Putinə hava, su qədər lazımdır

Liderlər Ukrayna savaşının yaratdığı çətinlikləri çözəcəklər

Rusiya Qərbin təzyiqlərindən sığortalanmaq üçün Türkiyə və Tehranın yardımına ehtiyac duyur


  İyulun 19-da Tehranda İran, Türkiyə və Rusiya prezidentlərinin - İbrahim Rəisi, Rəcəb Tayyib Ərdoğan və Vladimir Putinin - üçtərəfli sammiti baş tutacaq. Regionun konfiqurasiyasını özünəməxsus tərzdə şəkilləndirməyə çalışan, imperiya ənənəsi olan bu 3 ölkənin prezidentinin gündəliyində Suriya məsələsi və Rusiya-Ukrayna müharibəsinin gedişatları əsas müzakirə predmeti olacaq. Ekspertlərin fikrincə, Rusiya-Ukrayna müharibəsinin gedişatları Suriyada nüfuz dairələrinin yenidən bölüşdürülməsi və ya dəqiqləşdirilməsini liderlərin gündəminə gətirir. 

Məqsəd gələcək üçün strateji rıçaqları gücləndirmək və Rusiya ilə İranın Suriyadakı rəqibi Türkiyə ilə koordinasiya yaratmaqdır. Digər yandan Rəisi-Ərdoğan-Putin üçlüyü Rusiya-Ukrayna müharibəsinin yaratdığı acınacaqlı iqtisadi-humanitar panoramanın öz ölkələrinə təsirlərini minimallaşdırmaq üçün formullar axtaracaqlar. 

Siyasi şərhçi Aqşin Kərimov “Şərq”ə bildirib ki, Moskva və Tehranın Suriyada qarışıqlığın yoluna qoyulması üçün ortaya qoyduğu təhlükəsizlik modeli Ankaranın maraqları ilə ziddiyyət təşkil edir. Analitikin sözlərinə görə, Ankara ilə Kremlin Suriyadakı bəzi maraqları az da olsa vahid nöqtədə birləşir: 

“O baxımdan deyə bilərik ki, bu ölkə daha çox Türkiyə və İranın bir-birinə əks mövqeyi arasında sıxışır. Vladimir Putin isə bu nöqtədə bir növ seyrçi statusda dayanıb, özünü problemli məsələlərin həllində əhəmiyyətli status qazanan lider kimi göstərməyə çalışır. Çünki Putinin indiki hədəfində Suriyada kəskin qarşıdurma yaratmaq meylindən çox ziddiyyətlərin aradan qaldırılması və üç ölkə arasında maraq yaratmaq siyasəti dayanır. Putinin bu cür obrazı onu Qərbin tədbirlərinə qarşı yeni mexanizm formalaşdırmağa və Türkiyə ilə İrandan həlledici yardım almağa çıxış imkanı qazanmağa doğru sürükləyir. Qərb demişkən, Putinin təkanlarını bu həftə Yaxın Şərq regionuna səfər edəcək ABŞ Prezidenti Cozef Baydenin səylərinə qarşı qarşılıq kimi dəyərləndirmək olar”. 
  A.Kərimov hesab edir ki, Qərbin Ukraynanı sürətlə genişmiqyaslı şəkildə silahlandırması Rusiya qoşunları üçün problemlər yaradır: “Rusiya da alternativ mənbə axtarışlarına baş vuraraq özünün hərbi arsenalında xarici “qonaqlar”ı daxil etməyi hədəfləyir. Tehran sammiti Putinə Rusiyaya qarşı Qərb tərəfindən həyata keçirilən total həmlələrin boğulması üçün hərbi-iqtisadi dəstəyi gücləndirmək fürsəti təqdim edir. Bu mənada düşünmək olar ki, Putin Rəisi ilə görüşündə İrandan dronlar almaq üçün danışıqlar aparacaq. Ərdoğan ilə müzakirələrdə isə Putin ən azından Türkiyənin Ukraynaya silah tədarükünü limitləməsini xahiş edəcək. Gələk Türkiyə faktoruna, Tehran zirvəsi Ərdoğana da Rusiya-Ukrayna müharibəsinin sülh yolu ilə nizamlanmasındakı vasitəçilik rolunu gücləndirməyə kömək edəcək”.
  Müsahibimiz vurğulayıb ki, Türkiyə ilə Rusiya Qara dənizdə sərhədlərə malik olduğundan həmin region üzrə təhlükəsizliyin təmini məsələsi də Ərdoğanın Putinə deyəcəyi tezislər içərisində yer alacaq: “Türkiyə lideri taxıl ixracı ilə bağlı yaranan böhrandan çıxış yolu axtarmaq üçün Putinə inandırıcı düsturlar verəcək. Moskvanı iqtisadi-humanitar böhran yaratmaqdan çəkindirməyə çalışacaq. Mövzunu bir az fərqli aspektlər üzrə Rusiya-İran, Türkiyə-İran münasibətləri kontekstində də inkişaf etdirmək ehtiyacı yaranır. Rusiya ilə İran Qərblə qarşıdurmada ümumi maraqları bölüşür. Hərçənd, Moskva İranın nüvə siyasətinə dair baxışında Qərblə eyni mövqeyə malikdir. Nüvə məsələsini kənara qoyaraq bildirək ki, iki ölkənin sanksiyalar altında əzilməsi onları bir-birinə yaxınlaşdıraraq münasibətləri strateji tərəfdaşlıq həddinə çatdırıb. Bununla belə, Ukraynada davam edən müharibə səbəbilə iqtisadi itkilərə məruz qalan Rusiya enerji bazarlarındakı neft satışını artırmaqla İranı kənara itələyir. Vəziyyətin bu minvalla getməsi, yəni neft satışı uğrunda rəqabətin nəzarətdən çıxması Rusiya-İran münasibətlərini gərginləşdirə bilər. Putinlə Rəisi gərginlik yaranmaması üçün ortaq məxrəcə gəlməyi hədəfləyirlər. Ankara-Tehran münasibətlərindəki neqativ tendensiyalara gəlincə, iki dövlətin maraqları Cənubi Qafqazda rəqabətə söykəndiyi halda, İraq və Suriyada kəskin maraq toqquşması ilə müşayiət edilir. Türkiyə ilə İranın “döyüşü” təkcə bu regionlarla məhdudlaşmır. Transsərhəd sular və bənd tikintisi ilə bağlı mübahisələr də ikitərəfli əlaqələri gərginləşdirir. Türkiyə Suriyanın şimalında PKK terror təşkilatına qarşı əməliyyatlara hazırlaşır, amma Rusiya və İran iyun ayındakı Astana platformasının iclasında buna dəstək verməyib”.
  Aqşin Kərimov qeyd edib ki, Türkiyə 30 kilometr dərinliyində təhlükəsizlik zonası yaratmaqda israrlıdır və getdikcə bu inadkarlığını praktiki səviyyədə nümayiş etdirəcəyini bəyan edir: “Türkiyənin bu istiqamət üzrə İranla razılıq əldə edəcəyi çətin görünür. Bir zamanlar PKK Türkiyə ilə İranın ortaq düşməni idi. Ankaranın Suriyada dayaqlarını bərkitməsi İrana ağır zərbədir. Rusiya isə sadəcə “mənim nəzarət zonama girmə və eskalasiya səviyyəsinə qaldırma” prinsipi ilə Türkiyə ilə anlaşmaya gedə bilir. Rusiyanın Suriya coğrafiyasında Türkiyəyə güzəştə getməyə səbəbləri var. Rusiya Ukraynadakı müharibə səbəbilə üzləşdiyi hərbi itkiləri Suriyadakı qüvvələri ilə balanslaşdırmağa cəhd edə bilər. Bu isə Moskvanın Suriyada boşluq buraxması deməkdir ki, həmin boşluğu da Ankara və Tehran doldurar. Rusiya və İran Suriya hökumətini dəstəkləsə də, Moskva Tehrana əhəmiyyətli fürsətlər buraxmaz və hətta indiki şəraitdə Kremlin Ankara ilə maraqları bir-birinə olduqca yaxınlaşır. Yəni Ukraynadakı müharibə Suriyada Rusiya-Türkiyə tarazlığını ikincinin xeyrinə dəyişdirir. Rusiyanın da Türkiyədən gözləntisi var, bu, ondan ibarətdir ki, Ankara Ukrayna məsələsində Moskvanın maraqlarına zidd addımlar atmasın. Suriyada Rusiya-Türkiyə arasında buzlaqların əriməsi Ankaranın təsir imkanlarını gücləndirə bilər və İran bunu həzm edə bilən siyasətdən uzaqdır”.