Çin niyə Rusiyanın parçalanmasını istəyir?

Yaranmış vəziyyət onu göstərir ki, Kreml üçün daha ciddi təhdidlər hələ qabaqdadır

  ABŞ tərəfindən Rusiyanın 17 hissəyə parçalanmasını əks etdirən xəritə yayılıb. Bunun ardınca Türkiyə-Ermənistan liderləri arasında telefon danışıqları baş tutub. Sonra Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Ankara-İrəvan arasındakı münasibətlərlə bağlı müsbət mesajlar verib. Analitiklərə görə, baş verənlər indiki məqamda çox vacib hesab edilə bilər. Çünki prosesləri diqqətlə izlədikdə və hadisələri doğru şəkildə təhlil etdikdə görmək olar ki, ABŞ və Böyük Britaniya başda olmaqla ümumilikdə Qərbin əsas hədəfi yenidən dizayn edilən dünya siyasi sistemində Rusiyanın əsas aktor olaraq tamamilə aradan götürülməsinə hesablanıb. 

Digər tərəfdən yaranmış əlverişli şəraitdən istifadə etməklə Türkiyənin hədəfinin Rusiyadan sonra yaranması gözlənilən boşluğun doldurulmasıdır. Məhz buna görə də son zamanlar Türkiyənin Ermənistanla danışıqlar prosesini intensivləşdirmək cəhdləri hiss edilməkdədir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiya və Ukrayna prezidentləri ilə ardıcıl şəkildə telefon danışıqları aparması ondan xəbər verir ki, deməli, Türkiyə təkcə Yaxın Şərqdə yaxud Şimali Afrikada deyil, eyni zamanda Cənubi Qafqazda, Qara dənizdə, Balkanlarda, Mərkəzi Asiyada da ciddi rəqabət vəziyyətindədirlər. 

  “Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları” Mərkəzinin sədri Samir Hümbətov bildirib ki, Türkiyənin dünyanın mövcud şərtlərini nəzərə almaqla Ukrayna məsələsində tam dövlət maraqlarına uyğun addım atması yaranmış şəraitdən ustalıqla yararlanmağı bacarmasının göstəricisidir. Ekspertə görə, Türkiyənin atdığı bu addımlar Rusiyanın heç də ürəyincə olmaması hər vəziyyətdə hiss edilməkdədir. Amma mövcud şərtlər onu vadar edir ki, bəzi məsələlərdə Türkiyənin addımlarına tolerant yanaşsın və vəziyyətin daha da ağırlaşmasına imkan verməsin: 

“5 aya yaxındır sanksiyalarla qarşı-qarşıya qalan və iqtisadiyyatının ən çətin dövrlərini yaşayan Rusiya üçün tək təhlükənin Qərb olmadığı bəzi proseslərdən aydın olmaqdadır. Bu ilin aprel ayının sonu, may ayının əvvəllərində Çinin dövlət televiziyası CCTV tərəfindən Rusiyanın bölünmüş xəritəsinin yayımlanması və Rusiya ərazilərinin böyük hissəsinin Çinin nəzarətinə düşməsi əks etdirib.

 Əlbəttə ki, Çinin dövlət televiziyası CCTV tərəfindən yayımlanmış bu xəritə heç də Rusiya-Çin əməkdaşlığına uyğun gəlmir. Eyni zamanda bu addım onu göstərir ki, hətta uzun illərdir müttəfiqlik münasibətləri qurmuş dövlətlər kimi Çin və Rusiya arasında da gərginlik mövcuddur.

  Ona görə də Rusiya Türkiyə ilə münasibətləri normal saxlamaqla balans formalaşdırmağa çalışır. Məhz bu səbəbdən həm Rusiya-Ukrayna danışıqlarında, həm  regional məsələlərdə Ukrayna kimi Rusiya da Türkiyənin danışıqlar prosesinə töhfə verməsinə imkan yaratmağa çalışır. 

Burada digər sual ortaya çıxır; Qərb ölkələri və Çin niyə Rusiyanın parçalanmasını istəyirlər? Qərb ölkələri həm zəngin yeraltı və yerüstü sərvətlərinə görə, həm də Rusiya parçalanarsa Çinə qonşu bölgədə bir neçə dövlətin yaranması baş verəcək ki, bu da Çini çevrələmə siyasətinə imkan yaradacaq. Rusiyanın parçalanmasında Çinin maraqlı tərəfləri isə həm geniş Rusiya ərazilərini ələ keçirtmək, həm zəngin təbii sərvətlərindən istifadə etmək, həm də Şimal qütbünə yol açmaqdır. Nəzərə alsaq ki, hər iki tərəfin əsas məqsədi Rusiyanı parçalamaqdır, o zaman Rusiya üçün ciddi təhdidin qarşıda olduğunu demək mümkündür”.

  S.Hümbətov bəyan edib ki, Rusiya və Çin bəzi regional və beynəlxalq təşkilatlarda, xüsusilə də Şanxay Əməkdaşlıq Təşkilatı və Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının daimi üzvlüyündə birgə fəaliyyət göstərirlər: 

“Onu da yaddan çıxartmaq lazım deyil ki, hazırkı vəziyyətdə Rusiya dünyada ən çox nüvə başlığı olan ölkələrdəndir və zaman-zaman Kreml administrasiyası dövlətə qarşı təhdid yaranarsa ondan istifadəni istisna etmədiklərini bildirirlər.

  Bir neçə müddət öncə Madriddə keçirilən NATO sammitində qəbul olunmuş növbəti 10 ili əhatə edən strateji sənəddə Rusiyanın ciddi təhdid kimi göstərilməsi də qarşıda bizə yeni gərgin proseslərin olacağını deməyə əsas verir”.