Tehranın yuxuları ərşə çəkilib

Çünki bilirlər ki, türk dövlətlərini birləşdirən ən önəmli vasitə Zəngəzur dəhlizidir

İran növbəti dəfə Azərbaycanı təhdid edib. Bu dəfə ölkəmizi hədələyən İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-mayor Məhəmməd Baqeri olub. Baqeri paradda çıxışı zamanı Azərbaycana və Ermənistana problemi dialoq yolu ilə həll etməyi "məsləhət görüb". Əlavə edib ki, İran "sərhədin güc və müharibə yolu ilə dəyişdirilməsinə dözməyəcək. Tehran münaqişələr və müharibələr törətmir, lakin onlar başlayanda da susmur. Bizə qarşı təhlükə hiss etsək, sionist rejimin ünsürləri və onların havadarlarını cəzalandıracağıq”. Sentyabrın 21-də Azərbaycan-Ermənistan sərhədini müzakirə edən İran parlamentinin Milli Təhlükəsizlik Komissiyası da öz bəyanatında “sərhədlərin dəyişilməzliyinin yolverilməz olduğunu” bildirmişdi. Tehran hökuməti sərhəddə baş verənləri “beynəlxalq sionizm” və NATO fitnələrinin nəticəsi kimi təqdim edir. Ekspertlərin fikrincə, İran Azərbaycan və Türkiyəyə üstüörtülü mesajlar verir. 

İranın təhdidi ilə bağlı "Şərq"ə danışan AĞ Partiya sədrinin müavini Əhəd Məmmədli deyib ki, Tehranın əsas narahatlığı Türkiyənin Orta Asiyanın türk respublikaları ilə sıx əlaqələr qurması, türk dünyasının güclənməsidir. Analitik bildirib ki, türk dövlətlərini birləşdirən ən önəmli vasitə Zəngəzur dəhlizidir: 

"İran bunu qətiyyən istəmir. "Hizbullah"ın əvvəlki başçısı 1990-cı illərin əvvəlində bir məsələni gündəmə gətirmişdi. İranda olarkən Tehran rəsmilərinə sual edib ki, niyə müsəlman Azərbaycanı yox, xristian Ermənistanı dəstəkləyirsiz? İran hökuməti də ona demişdi ki, Azərbaycan və Türkiyənin güclənməsi onlara sərf etmir. 

Bu, tarixi İran-Turan qarşıdurmasıdır. İranın anti-Azərbaycan ritorikası məhz bu düşmənçiliyə söykənir. Tehranın qarın ağrısı budur. Türkiyənin Azərbaycanda, Cənubi Qafqazda güclənməsi İranın yuxusunu qaçırır. Sərhədlər isə bəhanədir. İran bu dəfə sərhəd məsələsini gündəmə gətirərək etiraz edir, sabah başqa mövzunu qabardacaq. 

Həqiqətən sərhəd məsələsi İran üçün "qırmızı xətt" idisə, niyə 30 ildə Ermənistanın Azərbaycan torpaqlarını işğalda saxlamasına etirazını bildirməyib? Azərbaycan hədə-qorxu gəlinəcək ölkə deyil. Biz meydanda tək deyilik, yanımızda Türkiyə kimi güclü qardaşımız var".