NASA günəşin qeyri-adi fotosunu paylaşıb: Onun təbəssümünə aldanmayın!


Amerika Kosmos və Aviasiya İdarəsi (NASA) Günəşin gülən kimi göründüyü qeyri-adi fotosunu paylaşıb. Sözügedən foto sosial şəbəkələrdə sürətlə yayılıb. Bununla belə, alimlər xəbərdarlıq ediblər ki, Günəşin  bu rəğbətli baxışı altında Yerə doğru istiqamətlənən günəş fırtınası ola bilər. Geomaqnit günəş fırtınalarının rabitə sistemlərinə, radio və peyk əməliyyatlarına təsir göstərməsi ehtimalı var.

Sherg.az xarici mediaya istinadən xəbər verir ki, Fotonu Twitter-də paylaşan NASA bu açıqlamanı verib:

“Bu gün NASA-nın Günəş Dinamikası Rəsədxanası Günəşi “gülümsəyərkən” yaxalayıb. Günəşdə ultrabənövşəyi işıqda görünən bu qaranlıq ləkələr tac dəlikləri kimi tanınır və sürətli günəş küləklərinin kosmosa uçduğu bölgələrdir”.

NASA-nın Günəş Dinamikası Rəsədxanası günəş aktivliyinin kosmos havasını necə formalaşdırdığını və idarə etdiyini öyrənmək məqsədi ilə tədqiqat aparıblar . İlk dəfə 2010-cu il fevralın 11-də orbitə buraxılan rəsədxananın kosmik gəmisi Günəşin içini, atmosferini, maqnit sahəsini və enerjisini ölçməklə müxtəlif məlumatları öyrənib.

Günəşlə bağlı səmimi fikirlərə baxmayaraq, mütəxəssislər Günəşin tac dəliklərinin Yeri vuracaq günəş fırtınası mənasına gələ biləcəyi barədə xəbərdarlıq ediblər.

Geomaqnit qasırğası və ya günəş fırtınası, günəş küləyinin şok dalğası və ya Yerin maqnit sahəsi ilə qarşılıqlı əlaqədə olan maqnit sahəsi buludunun yaratdığı Yerin maqnitosferinin müvəqqəti pozulmasıdır.

Günəşin səthindəki qaranlıq “günəş ləkələri”ndə Günəşin maqnit sahəsində bir növ qısaqapanma nəticəsində radiasiya və plazma partlayışları baş verir. Bu partlayışlar nəticəsində rentgen və ya ultrabənövşəyi kimi şüalar yayılır. Mütəxəssislər deyirlər ki, böyük bir partlayış milyardlarla ton maddəni milyonlarla kilometr kosmosa səpələyə bilər.

1859-cu ildə baş verən Karrinqton hadisəsi də adlandırılan Günəş fırtınası 10-cu günəş dövrü zamanı baş verən güclü geomaqnit qasırğası kimi tanınır.

Turan