Namiq Abbasov: Mateuş Koxalski "Qarabağ"-a layiqli transferdir

Qarabağ” klubu növbəti transferini reallaşdırıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Qapıçı Mateuş Koxalski heyətə cəlb edilib. Uzun sürən danışıqlar nəticəsində Polşa təmsilçisi “Stal Mielets”lə razılıq əldə olunub.
Klubla 24 yaşlı polşalı qolkiper arasında "3+1" illik müqavilə imzalanıb. O, “Stal Mielets”in heyətində keçirdiyi ötən mövsümdə Polşa çempionatının ən yaxşı qapıçısı adına layiq görülüb.
Koxalski 2022-ci ilin yayından “Stal Mielets”in şərəfini qoruyub. O, bunadək “Legionoviya Legionovo”, “Radomyak Radom” və “Legiya"da (Varşava) forma geyinib.
Qeyd edək ki, Mateuş Koxalski bu ilin iyununda Polşanın əsas millisinin AVRO-2024-ə hazırlıq prosesinə dəvət alıb və təlim-məşq toplanışında iştirak edib. O, bunadək U-16, U-17, U-18 və U-19 milli komandalarında da çıxış edib.            

Yeni transferi dəyərləndirən idman jurnalisti Namiq Abbasov "Sherg.az"a söyləyib ki, Mateuş Koxalski ötən mövsümün ən yaxşı qolkiperi seçilibsə, demək "Qarabağ"-a layiqli transferdir: 

"Qarabağ"ın sabiq qapıçısı Şahruddin Məhəmmədəliyevi geri qaytaracağına dair xəbərlərə gəlincə isə əslində, Şahruddin zədəli idi. O, Türkiyədən qayıtdıqdan sonra, çox dəyişib. Yəni, daha lovğalıq etmir, yerli-yersiz qapıdan sıçramır və mövqeyini gözləyir. Mateuşdan öncə olan qapıçının cəsarətsizliyi göz qabağında idi. Son oyunda da onun qərar verməkdə çətinlik çəkdiyini gördük. Yeni transferin çox güclü olduğunu deyirlər. Təbii ki, onun performansını yalnız oyundan sonra dəyərləndirmək mümkündür".