Sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərinə hazırlıq davam edir.
Namizədliyini növbəti dəfə 81 saylı İmişli seçki dairəsindən irəli sürən Razi Nurullayev rəqibləri ilə müqayisədə xüsusi fəallıq göstərir. O, tez-tez namizəd olduğu dairənin ərazisində yerləşən kəndlərə baş çəkir, sakinlərlə görüşür, onların qayğıları ilə maraqlanır.
Deputat çoxsaylı görüşlərin arasında idmana da vaxt ayırır. O, ötən gün yataq otağında idman hərəkətləri ilə məşğul olarkən çəkilən görüntülərini öz sosial şəbəkə hesabında paylaşıb. Amma Razi Nurullayevin bu davranışı rəğbətlə qarşılanmayıb. Məlum videogörüntülər dərhal sosial şəbəkələrdə paylaşılaraq, qızğın müzakirəyə səbəb olub. Sosial şəbəkə istifadəçiləri sözügedən hərəkətin deputata yaraşmadığını bildirərək, məlum videogörüntülərin altına “Görün, kimlərin ümidinə qalmışıq”, “Bundan deputat olar?”, “Ölmədik deputatı yataqda da gördük”, “Şükür kərəminə, Ya Rəbb”, “Üzündə bir qram da nur yoxdur” məzmunlu şərhlər yazıblar.
“Sherg.az” Razi Nurullayevin özü ilə əlaqə saxlayıb və tənqidlərlə bağlı münasibətini öyrənib.
O bildirib ki, deputat da, adi vətəndaş da, nazir də, fəhlə də, ziyalı da - hər kəs idman edir:
“Müalicə məqsədilə idman hərəkətləri etmək nə vaxtdan ayıb olub? Bura hoteldir, müalicəvi idman hərəkəti etmək üçün xüsusi zal tikməyə ehtiyac yoxdur. O cür yanaşanların əksəriyyətinin şəxsiyyətində və mənəviyyatında ciddi aşınma var. İçi qurdlu şəxslər var ki, bunu fərqli tərzdə təqdim edirlər. Həmin şəxslərin içində reket jurnalistika və reket jurnalistlər də var. Məsələyə belə içi qurdlu yanaşanlar həyatdan kam almayanlar, uğursuz və şanssız adamlardır. Allah onların taleyinə uğursuzluq, deyinmək, hər şeydən narazılıq, bəxtsizlik, şanssızlıq və bədbəxt olma yazıb. Qoy beləcə də uğursuz və şanssız həyatlarını davam etdirsinlər”.
“Sözü, məsləhəti və tövsiyyəni normal adamlara deyirlər. Onlar mənəviyyatı aşınmış şəxslərdir. Onlara acıyıram. Allah onlara şəfa versin”-, deyə Nurullayev bildirib.