Casusluqda ittiham edilən xarici ölkə vətəndaşının şikayəti təmin olunmayıb

Azərbaycan Respublikası ərazisində casusluq cinayət əməllərinin törədilməsində ittiham edilən xarici ölkə vətəndaşı Ghaedi Mohammad Najaf oğlu ilə bağlı hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə keçirilib.

Sherg.az APA-ya istinadən xəbər verir ki, bu gün Bakı Apeliyasiya Məhkəməsində hakim Habil Məmmədovun sədrliyi ilə keçirilən iclasda birinci instansiya məhkəməsinin hökmü qüvvədə saxlanılıb, apelliyasiya şikayəti təmin edilməyib.

Qeyd edək ki, toplanılmış çoxsaylı sübutlar əsasında xarici ölkə vətəndaşı Ghaedi Mohammad Najaf oğlunun xarici xüsusi xidmət orqanının tapşırığı ilə dövlət sirri olan və Azərbaycan Respublikasının təhlükəsizliyi zərərinə olaraq istifadə etmək üçün məlumatların toplanılması və verilməsinin təşkili, o cümlədən Azərbaycan Respublikası hüquq-mühafizə orqanı əməkdaşları barədə fərdi məlumatların əldə edilməsi, onlarla şəxsi münasibətlər qurulması və onların xarici ölkənin xüsusi xidmət orqanı tərəfindən məxfi əməkdaşlığa cəlb edilməsi istiqamətində fəaliyyət göstərdiyi məlum olub.

Ghaedi Mohammad Najaf oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 276-cı (casusluq) maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilib və məhkəmə tərəfindən barəsində həbs qətimkan tədbiri seçilib.