"Hələ də bəzi şəxslərdə qanunsuz saxlanılan odlu döyüş silahları, sursatlar var. Müharibə qalıqlarıdır. Kimdə varsa, könüllü təhvil verilməlidir".
Sherg.ax xəbər verir ki, bu barədə DİN-in yaydığı məlumatda deyilir.
Qeyd olunub ki, polis əməkdaşlarına dünən - avqustun 14-də paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 avtomat silahı, 1 tapança, 2 tüfəng, 2 patron darağı və 54 ədəd müxtəlif çaplı sursat könüllü təhvil verilib: "O silahları təhvil verənlər ilk növbədə özünü və ailəsini məhrumiyyətlərdən xilas edir. Bilir ki, əməliyyat tədbirləri ilə tutulsa cinayət məsuliyyətinə cəlb olunacaqdır. Silah təhlükə mənbəyidir, geci-tezi var, o silahı gizlədən şəxs onu bir gün çıxaracaqdır. Bu sirr deyil ki, əsəb gələndə, sərxoş olduqda insanın ağılı gedir, affekt halı yaranır, yaxud şəxsiyyət ikiləşir. Heç kim deyə bilməz ki, əsəbləşən, sərxoşluq halında olan biri o silahdan istifadə etməyəcəkdir. Ona görə də bir daha çağırış edirik, o silahlardan kimdə varsa könüllü təhvil versin. Bu halda məsuliyyət yaranmır. Bununla bağlı zəmanət veririk, diqqətə çatdırırıq ki, cinayət aləti olmayan silahları könüllü təhvil verən şəxslərlə bağlı indiyə qədər hər hansı tədbir görülməyib və görülməyəcək".
Məsələyə münasibət bildirən təhlükəsizlik məsələləri üzrə ekspert Rəşad Rza "Sherg.az"a bildirib ki, sözügedən şəxslər həm birinci, həm də ikinci Qarabağ müharibəsindən əldə etdikləri silahları saxlaya və ya gizlədə bilərlər:
“Ölkəyə başqa dövlətlərdən də silahlarda gətirilməsi mümkündür. Bu tərzdə gizli silahların saxlanması, hətta qara bazarda satılması tendesiyası var. Ancaq bizdə bu qonşu dövlətlərlə müqayisədə cuzi şəkildədir. Qarşısı nə qədər alınmağa çalışsada bu təbii haldır. Dəfələrlə müraciət olunub ki, saxlanılan silahlar könüllü şəkildə verilsin. Bəzi insanlar verib, bəziləri isə hələ də təhfil verməyib. Kimisə, məcbur edib silahı əlindən almaq da olmaz. Lakin güc strukturlarının aşkarladığı təqdirdə silahlar yığılaraq həmin şəxslər məsuliyyətə cəlb edilirlər. 18 yaşına çatmış hər bir Azərbaycan vətəndaşının odlu silah əldə etmək hüququ var. Bunun üçün Daxili İşlər Nazirliyinin xüsusi şöbəsinə və ya yaşadığı ərazi üzrə polis bölməsinə müraciət edib qeydiyyata düşməlidir. Müəyyən qaydaları keçib, 20 manat civarında rüsum ödəyərək odlu silahı əldə edə bilər. Aldıqdan sonra 1 həftə ərzində həmin silah modern qeydiyyatdan keçir. Həmin şəxsin məhkumluğu, hansısa cinayətdə əlinin olub-olmadığı və sağlamlığı yoxlanılır. Qonşu Türkiyədə isə odlu silahı asanlıqla əldə etmək mümkündür. Digər tərəfdən vətəndaş qanunla silahı əldə etsə belə bəzi hallarda geri alına bilər. Yəni şəxsin ruhi xəstəliyinin olması, görmə qabiliyyətinin zəfliyi, hər hansısa cinayətdə əlinin olduğu müəyyən edilərsə və ya yaşayış yeri naməlum olarsa silahın qeydiyyatı ləğv edilə bilər”.