İnfeksionist: Virus mənşəli xəstəliklər tamamilə yox olmur

Hazırda əhali arasında arabir hərarətin yüksəlməsi, ümumi zəiflik, baş və əzələ ağrıları, yuxarı tənəffüs yollarının zədələnməsi əlamətləri olan öskürək, boğaz ağrısı, burun axması və ya tutulması kimi, bəzən isə ürəkbulanma, qusma, qarın işləməsi kimi hallar müşahidə edilir.
Oxu.Az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Təyyar Eyvazov deyib.
Onun sözlərinə görə, bunlara səbəb, əsasən, müxtəlif virus və bakterial infeksiyalardır:
"Hər il isti aylarda kəskin respirator virus infeksiyalarından paraqrip, adenovirus infeksiyaları mühitdə dövr etdiyindən hazırda da bu tip xəstəliklər qeydə alınır. Hətta isti aylarda bəzən yoluxma sayında artımlar da müşahidə olunur. Adenoviruslar təkcə tənəffüs yollarını deyil, mədə-bağırsaq sistemini də zədələyə bilir. Eyni zamanda, hər iki sistemin zədələnmə əlamətləri ilə müşayiət olunan və isti dövrlərdə rast gəlinən rotavirus, hava-damcı və təmas ilə daha çox yayılan enteroviruslardır".
Ekspert bildirib ki, bu cür infeksiyaların isti aylarda yayılmasının müxtəlif səbəbləri var:
"Bunlara həddən artıq isti havanın immunitetə mənfi təsir göstərməsi, yuxarı tənəffüs yollarının quruması nəticəsində infeksiyalara müqavimətin azalması, kondisionerlərin istifadəsi zamanı açıq hava ilə müqayisədə yaşayış və iş yerlərində kəskin temperatur fərqinin olması, otaqların qapalı saxlanması, yay məzuniyyəti ilə əlaqədar əhalinin müxtəlif kütləvi istirahət tədbirlərini, çimərlik mövsümünü və s. aid etmək olar".
T.Eyvazov, həmçinin, qeyd edib ki, bu infeksiyalar, əsasən, yüngül və fəsadsız keçir:
"Özümüzü qorumaq üçün xəstəlik əlamətləri olan şəxslərlə yaxın təmasdan çəkinməli, gigiyena qaydalarına əməl etməliyik. Unutmayaq ki, yay aylarında rast gəlinən günvurmanın əlamətləri də bu xəstəliklərlə oxşar ola bilər. Yuxarıda qeyd edilən əlamətləri özündə hiss edən insanlara vaxtında həkimə müraciət etmək tövsiyə olunur".

İnfeksionist-həkim Mərdan Əliyev "Sherg.az"a söyləyib ki,  yay fəsli olsa belə, virus mənşəli xəstəliklər tamamilə yox olmur:

“Viruslar qalır. Çox az hallarda viruslar sporadik şəkildə xəstəliklərə səbəb olur. Bu zaman isə boğaz, baş ağrısı, halsızlıq, bədən hərarətinin yüksəlməsi kimi hallar müşahidə edilir. Digər tərəfdən yay fəslində bakterial infeksiyalar da olur. Həmin bakterial infeksiyaların da xəstəliklərdə rolu var. Bu bakterialardan isə ishal, boğaz ağrısı, iştahsızlıq və ürəkbulanma kimi hallar baş verir. Həmçinin bu həm virus, həm də bakterial mənşəli xəstəliklərdən ola bilir. Çünki qış fəslindən fərqli olaraq sporadik şəkildə baş verir. Yəni qış fəslində kütləvi yoluxma halları olur. Yayda isə tək-tük hallarda immuniteti zəif olan şəxslər və uşaqlar bu cür xəstəliklərə rast gəlir”.