İqtisadçı: Çörək niyə ucuzlaşmır deyə tələb irəli sürmək ədalətsiz olar

Azərbaycanda unun topdansatış qiyməti son aylarla müqayisədə yenə aşağı düşüb.
İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, avqustun 12-dən etibarən istehsalçılar unun qiymətini bir manatadək azaldıblar.
Ötən ayla müqayisədə unun topdansatış qiymətində 0,7-1,3 manat azalma müşahidə olunur.
Açıqlanan rəsmi məlumatda ölkədə hazırda 50 kq-lıq unun topdansatış qiyməti 26,1 - 27,8 manat aralığında dəyişir. Ötən ay bu rəqəm 26,8-28,5 manat, iyun ayında isə 28,3-29,5 manat təşkil edirdi.
Ən ucuz un növü "Dəvəçi-Taxıl" MMC, ən bahalısı isə "Azeri-Arapoğlu U.S.və T.LTD" BM tərəfindən bazara təqdim olunur.

Məsələyə münasibət bildirən tanınmış iqtisadçı-ekspert Razi Abbasbəyli “Sherg.az”a söyləyib ki, prinsip etibarı ilə, Azərbaycanda unun topdan satış qiymətinin ucuzlaşması çörəyin də ucuşlamasına gətirib çıxarmalı idi:

“Ancaq bu proses bizdə baş vermir. Çünki Azərbaycanda enerji daşıyıcılarının qiyməti bahadır. Ötən ay Azərbaycan Tarif Şurası tərəfindən benzinin və dizel yanacağının qiyməti bahalaşdı. Elektrik enerjisi, qaz və digər enerji daşıyıcıları ilə bağlı tariflər də bahalaşmaqda davam edir. Belə olan təqdirdə unun qiyməti ucuzlaşsa da iş adamları çörəyin qiymətini aşağı sala bilmir. Çünki əsas strateji ərzaq sayılan çörəyin dövlət tərəfindən istehsalı üçün satışını həyata keçirən iş adamları üçün güzəştli kreditlər nəzərdə tutulmayıb. Dövlət tərəfindən bu sahəyə hər hansı bir dotasiya göstərilmir. Nəticə etibarı ilə də sahibkarlar hər dəfə artan xərclərin qarşılığında qiymətləri aşağı sala bilmirlər. Hökumət xüsusi strateji ərzaq məhsullarının istehsalı ilə məşğul olan iş adamları üçün dotasiyalar, və daha aşağı kreditlər təklif etməlidir. Eyni zamanda enerji daşıyıcıları ilə bağlı müəyyən xüsusi limitlər və güzəştlər tətbiq olunmalıdır. Belə olan təqdirdə rəsmi bazara nəzarət edən dövlət qurumları qiymətlərin də müvafiq olaraq topdansatış xammal qiymətlərinin aşağı düşməsi nəticəsində aşağı salınmasını tələb edə bilərlər. Ancaq indiki halda hökumətin iş adamlarına, özəl sektorda çalışan çörək, un və un məmulatları istehsal edən sahibkarlara xaiş etmək üçün üzləri yoxdur. Ona görə də Azərbaycanda çörəyin qiyməti ucuzlaşmayacaq. Bir neçə həftə  əvvəl dizelin və benzinin qiyməti bahalaşıb. Un 3-5 faiz ucuzlaşıbsa, çörək niyə ucuzlaşmır deyə tələb irəli sürmək absurd və ədalətsiz olar”.