“ATƏT-in Minsk qrupunun ləğvi məsələsinə sülh müqaviləsinin imzalanması kontekstində baxıla bilər”. Bu barədə Ermənistan Xarici İşlər Nazirliyindən “Azadlıq” radiosunun İrəvan bürosuna bildirilib. “Ermənistan tərəfi Minsk qrupunun fəaliyyəti ilə bağlı məsələyə Azərbaycanla münasibətlərin hərtərəfli tənzimlənməsi və sülh müqaviləsinin imzalanması kontekstində baxa bilər”, – XİN-dən deyilib. Qeyd edək ki, bundan öncə İrəvan rəsmiləri ATƏT-in Minsk qrupunun fəaliyyətinin davam etdirilməli olduğuna dair açıqlamalar səsləndirirdi.
Sözügedən məsələni “Sherg.az”a dəyərləndirən "Müstəqil Mətbuat Mərkəzi" İctimai Birliyinin sədri, politoloq Elçin Xalidbəyli söyləyib ki, ATƏT-in Minsk qrupunun fəaliyyətinin ləğv olunması hazırda böyük önəm daşıyır:
“Çünki faktiki olaraq mövcud olmayan təşkilat Azərbaycan və Ermənistan arasındakı münaqişə ilə bağlı beynəlxalq mexanizm rolunu formal şəkildə davam etdirir. Bu isə yolverilməz hadisədir. Amerika Birləşmiş Ştatları, Avropa İttifaqı, xüsusilə də Fransa yaxın gələcəkdə Cənubi Qafqaza müdaxilə üçün məhz ATƏT-in Minsk qrupu çətirindən istifadə etməyə cəhd göstərə bilərlər. Azərbaycan və Ermənistan arasında fəal hərbi münaqişə artıq yekunlaşıb. Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib. Ermənistan ordusu isə öz sərhədləri içərisinə çəkilib. Deməli, Azərbaycan və Ermənistan arasında münaqişəli problemlər böyük ölçüdə öz həllini tapıb. Eyni zamanda ATƏT-in Minsk qrupunun gündəminə daxil olan "Dağlıq Qarabağ" adlı problem də mövcud deyil. Bütün bunlar göstərir ki, ATƏT-in Minsk qrupu, əslində, qondarma təşkilatdır”.
Analitik vurğulayıb ki, hazırda sözügedən qurumun mövcudluğuna və fəaliyyətinə ehtiyac qalmayıb:
“Ona görə də həmin təşkilatın qısa zamanda ləğv edilməsi və Cənubi Qafqazda regional ölkələri arasında birbaşa təmaslar vasitəsilə münasibətlərin normallaşmasının vaxtı çatıb. Kənardan müdaxiləyə heç bir ehtiyac qalmayıb. İndi yeganə məsələ Bakı ilə İrəvan arasında sülh müqaviləsinin imzalanmasıdır. İndiki situasiyada ATƏT-in Minsk qrupunun heç kəsə faydası yoxdur. Əksinə olaraq problem yarada biləcək mexanizmdir. Ona görə də bu mexanizmin yenidən regional geosiyasi səhnəyə qayıtmasına qətiyyən imkan vermək olmaz".