"Rusiya - Ukrayna müharibəsi 8 aydan çoxdur davam edir. Şimal qonşumuz ciddi uğur qazana bilmədi. Yalnız Xersonun işğalını vurğulaya bilərik. Lakin artıq rus qoşunları oranı da tərk edib. Rusiyanın 8 aylıq müharibəsinin yeganə nəticəsi olan Xerson da əlindən çıxıb".
Bunu "Sherg.az"a açıqlamasında Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin rəhbəri, politoloq Samir Hümbətov deyib.
Siyasi şərhçi bildirib ki, Rusiyanın zəifləmə prosesi surətlənib:
"Kremlin İrandan ballistik raketlər almaq istədiyi barədə məlumatlar var. Bir müddət öncə 800-dən artıq dron almışdı. Bütün gedişat Rusiyanın müdafiə sənayesinin zəiflədiyindən xəbər verir. Ölkədə səfərbərliyin elan edilməsi də ciddi bir təsir göstərmədi. Rusiya ilhaq etdiyi Ukrayna ərazilərindən geri çəkilir. Həmçinin dövlətə qarşı sanksiyaların artırılma ehtimalı da çoxdur.
Ukraynaya Qərbdən hərbi, texniki yardım göstərilir. Strateji əhəmiyyətə malik Xersonun geri qaytarılması Krımın işğaldan qurtarılması yolunu asanlaşdırdı. Ukrayna Krımdakı hərbi, strateji obyektləri sıradan çıxardıqdan sonra prosesi surətləndirə bilər. Əlbəttə, Qərbin dəstəyinə ehtiyac duyur.
Əgər Qərb Ukraynaya yardımları davam etdirərsə, Krımı geri almaq üçün mümkün şərait yaranacaq. Bəzi məlumatlarda deyilir ki, Amerika rəsmiləri ilə Rusiya rəsmiləri arasında gizli danışaqlardan sonra Xerson qaytarılıb. Amma Rusiya oranı öz ərazisi kimi qəbul etmişdi. Belə halda danışıqlardan söhbət gedə bilməz. Xersondan qoşunların geri çəkilməsi Rusiyanın zəifləməsi ilə əlaqəlidir. Ukraynanın Krımı yarı hərbi, yarı da danışıqlar yolu ilə geri qaytarması mümkündür".
Xatırladaq ki, Ukrayna prezidenti Volodimir Zelenski Krımı Xerson istiqamətində başlayan hücumdan bir neçə saat sonra geri alacağına söz vermişdi. Xersonun geri alınması Krım yolunu da açır. Bu səbəbdən Xerson həm də “Krımın açarı” kimi qələmə verilir. Xersonun geri alınması işğal olunmuş digər şəhərlərin də azad ediləcəyinə dair ümidləri artırır.