Kreml Ankarada Rusiya ilə ABŞ arasında danışıqlar faktını təsdiqləyib - YENİLƏNİB

Rusiya-Amerika danışıqları həqiqətən də noyabrın 14-də Ankarada ABŞ-ın təşəbbüsü ilə baş tutub.
Bu barədə bazar ertəsi Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib. “Belə danışıqlar həqiqətən də olub. Bu, Amerika tərəfinin təşəbbüsü idi”, - Kreml sözçüsü bildirib.

Eyni zamanda, Peskov söhbətin mövzusunu açıqlamayıb.

Mənbə: TASS

17:12

Bu gün Türkiyənin paytaxtı Ankarada Rusiya və ABŞ nümayəndə heyətləri arasında danışıqlar keçirilir.

Danışıqlarda Rusiya tərəfini təmsil edən Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin Ankaraya uçub.

Görüşlə bağlı öncədən ictimaiyyətə açıqlama verilməyib. Məlumat verən mənbə hələlik danışıqların təfərrüatını açıqlamaqdan imtina edib.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Ankarada danışıqlar barədə məlumatı nə təsdiq, nə də təkzib edə bilər.

Türkiyə mətbuatının məlumatına görə, Narışkin Ankarada Mərkəzi Kəşfiyyat Agentliyinin direktoru Uilyam Börns ilə görüşür.

Sonuncu dəfə Rusiya və ABŞ nümayəndə heyətləri bu il yanvarın 10-da Cenevrədə təhlükəsizlik təminatlarına dair danışıqlar üçün görüşüblər. Yanvar danışıqları prosesinin praktiki nəticələrinin olmaması çox vaxt Ukraynada müharibənin başlanması üçün diplomatik müqəddimə kimi qiymətləndirilir.

Mənbə: “Kommersant”, “Türkiye qazetesi”