Bura “baba və nənələr ölkəsi” ola bilər - FOTOLAR

Doğum səviyyəsinin aşağı düşməsi və yaşlı əhalinin artması ilə Yaponiya gələcəkdə “baba və nənələr ölkəsi” ola bilər. Dünyanın ən yaşlı cəmiyyətinə malik Yaponiyada əhalinin təxminən üçdə biri 65 və daha yuxarı yaşdadır. Gənc əhalinin sürətlə azalmasının davam etdiyi ölkədə 70 yaşlı qocalar valideynlərinin qayğısına qalır və işləməyə davam edirlər. 

Sherg.az xarici mediaya istinadən xəbər verir ki, Şərqi Asiya ölkəsi Yaponiyada illik doğum sayı ilk dəfə 2022-ci ildə 800 mindən aşağı düşüb. 2023-cü ilin əvvəlinə olan məlumata görə, Yaponiyanın 124,77 milyonluq əhalisinin 29 faizi 65 yaşdan yuxarı, 11,6 faizi isə 0-14 yaş aralığındadır.



 
Yaponiya 65 və yuxarı yaşda olan ümumi əhalinin sayına görə dünyada birinci yerdədir. Onu 24,1 faizlə İtaliya, 23,3 faizlə Finlandiya izləyir. Daxili İşlər və Rabitə Nazirliyinin 2022-ci il məlumatına görə, 75 və yuxarı yaşda olan əhalinin sayı 19,3 milyon nəfərə, 65 və yuxarı yaşda olanların sayı isə 36,2 milyon nəfərə yüksəlib.
Səhiyyə, Əmək və Rifah Nazirliyinin 2021-ci il məlumatına görə, ölkədə 100 yaşdan yuxarı insanların sayı 86 mini ötüb. Yaşı 100-dən yuxarı olan əhalinin sayı 51 il ardıcıl olaraq artır. Əhali və Sosial Təminat Tədqiqatları üzrə Milli İnstitutun məlumatına görə, 2040-cı ilə qədər 65 və daha yuxarı yaşda olan insanların nisbəti Yaponiyada ümumi əhalinin 35 faizini keçəcək.

Yaponiyanın Baş naziri Kişida Fumio, Yaponiyanın doğum nisbətinin aşağı düşməsi ilə "sosial funksiyalarını itirmək ərəfəsində" olduğunu və bu il uşaq tərbiyəsi siyasətlərinə diqqət yetirəcəklərini açıqlayıb. Uşaq tərbiyəsinin asanlaşdırılmasını "gələcək üçün ən təsirli sərmayə" olaraq xarakterizə edən Kişida doğum nisbətini geri qaytarmaq üçün "öncə uşaq iqtisadiyyatı və cəmiyyət" vəd edib.



 
"Ölkə iqtisadiyyatının və cəmiyyətinin davamlılığını və inklüzivliyini nəzərə alaraq, uşaqların tərbiyəsinə dəstək bizim ən mühüm siyasətimizdir", - Kişida bildirib. 

Hökumətin tabeliyində olan Uşaq və Ailə Agentliyi aprel ayından fəaliyyətə başlayacaq. Kişida, iyun ayına qədər bu əhatəli siyasətlərin büdcəsini iki dəfə artırmağı planlaşdıracaqlarını vurğulayıb.

Turan