İran Çin üçün etibarlı tərəfdaş ola bilməz 


Vaşinqton Rəisinin Çin trayektoriyasını dərin şəkildə təhlil edəcək

Rəisinin səfərində məqsəd İranın düşdüyü iqtisadi durumdan, beynəlxalq təcriddən xilas yolları axtarmaqdır


  İran Prezidenti İbrahim Rəisi Çində səfərdədir. Onu fevralın 14-də səhər saatlarında Pekində hava limanında Çinin mədəniyyət və turizm naziri qarşılayıb. Vurğulanıb ki, səfər Çin sədri Si Cinpinin dəvəti ilə reallaşıb. Məlumata görə, İbrahim Rəisi Çin lideri, baş nazir, parlament sədri ilə görüşəcək. Bundan sonra nümayəndə heyətləri arasında görüş nəzərdə tutulub. Səfər zamanı tərəflər arasında bir sıra sənədlər də imzalanacaq. Qeyd edək ki, son 20 ildə bu, İran Prezidentinin Çinə ilk rəsmi səfəridir. 

  Siyasi şərhçi Aqşin Kərimov "Şərq"ə bildirib ki, səfər zamanı qapalı görüşlərdə nələr danışılacağını müəyyən etmək üçün Çin-İran münasibətlərinin təbiətinə, qlobal miqyasdakı proseslərə, onların regionlara təsirlərinə nəzər yetirmək lazımdır. Analitikin fikrincə, İbrahim Rəisi əlaqələrdə yarımçıqlıq kompleksinə düçar olmuş səhifələri açmaq üçün Pekinə gedir. Məqsəd İranın düşdüyü iqtisadi durumdan, beynəlxalq təcriddən xilas yolları axtarmaqdır:

 "İranda prezidentlik institutu iqtisadi münasibətlərin tənzimlənməsi meyarları ilə fəaliyyət göstərir. Bu, Tehranın strateji əlini gücləndirə biləcək faktorlara çevrilməlidir. İranla Çinin 2021-ci ilin martında imzaladıqları, Pekinin 25 il müddətində İrana 400 milyard dollar qoyacağı sərmayənin konturlarını müəyyən edən sənədin icrası Tehran üçün hava-su kimi vacibdir. Düzdür, bu sənədə əsasən, İran 400 milyard dollarlıq nəhəng sərmayənin müqabilində Çinə ucuz neft satacaq. Lakin beynəlxalq oyun qaydalarının Ukraynadakı müharibədən sonra dəyişməsi razılaşmanı axsada biləcək səviyyəyə enir. İran bu razılaşmaların icrasının qarşısında dayanan qıfıllara açar salmaq üçün Pekindən zəmanətlər istəyir. Ancaq Çin İrana təhlükəsizlik zəmanətləri deyil, iqtisadi səviyyədə qarantiyalar təqdim edə bilər. Ümumilikdə formul belə qurulub ki, qarşılıqlı maraqlar nüfuz dairələrindən pay verilməsi ilə nəticələnsin. Deməli, İran Yaxın Şərqdə Çinin təsirlərinin heç olmadığı qədər dərinləşdirilməsi üçün Pekini şirnikləndirməyə çalışır. İran atdığı daşı ABŞ-nin başına salmaq istəyir, o mənada ki, Yaxın Şərqdə Pekin-Tehran əməkdaşlıq formatı Vaşinqtonun strateji maraqlarını baltalasın. Ancaq Çinin siyasətində hansısa dövlətin mühafizə edilməsi prinsipləri dayanmır. Ona görə də Tehran strateji təhlükəsizlik məsələlərində Pekinə bel bağlaya bilməz. İran da Çin üçün etibarlı tərəfdaş deyil, ona görə də deyə bilərik ki, iki ölkənin strateji tərəfdaşlıq modelindəki təhlükəsizlik çalarları dekorativ bəzəyə oxşayır. Hərçənd ki, İranla Çin müdafiə, silah satışı sahəsindəki əməkdaşlığı ABŞ-yə qarşı geostrateji tarazlıq kimi qiymətləndirirlər".
  
A.Kərimov vurğulayıb ki, tərəfdaşlıqdakı nüanslar ABŞ-nin maraqları və məqsədləri üçün unikal problemlər yaratdığından Vaşinqton Rəisinin Çin trayektoriyasını dərin şəkildə təhlil edəcək:

 "Təkcə ona görə yox ki, Çin İranın açdığı kanallarla Yaxın Şərqdəki geniş bir çevrə cıza bilər. Həm də ona görə ki, İranın nüvə proqramına dair aparılan danışıqların tərəfi olan Çin tamamilə Tehran tərəfə yıxılıb nüvə silahının hazırlanmasına təkan verəcək alternativ qüvvədir. Lakin yuxarıda qeyd etdiyimiz kimi, Çinin son məqsədi İranı Qərbin caynaqlarından qoparmaq deyil. Hansısa ən təhlükəli anda Pekin Tehranı tək buraxıb onun öz qeydinə qalmasını tələb edəcək. Çinlə İranı “Bir kəmər, bir yol” təşəbbüsü, Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsindəki iqtisadi aspektlər də tərəzinin eyni gözündə qərarlaşdırır. Məsələnin bu tərəfi Çinin dəstəklədiyi Zəngəzur layihəsi üzrə də siyasi-iqtisadi parametrlərin danışıqlar stolunda bərqərar olmasını labüd edir. Çünki Çin Zəngəzur dəhlizi layihəsini həm “Bir kəmər, bir yol” təşəbbüsünün, həm də “Şərq-Qərb” beynəlxalq dəhlizinin tərkib hissəsində görür. İran isə Zəngəzur dəhlizinin geostrateji maraqlar baxımından özünə təhdid yaratdığını düşünür. Hərçənd, iqtisadi aspektlər üzrə elə də dərin mübahisələr yoxdur. İstənilən halda, İranın Zəngəzur dəhlizi ilə bağlı tutumu Çini narahat edə biləcək səviyyədədir. Mümkündür ki, Cinpin Rəisiyə ölkəsinin dəstəklədiyi layihəyə maneə yaratmaması üçün fikirlər aşılasın".