Türkiyə PA: "Seçkilərin təxirə salınması gündəlikdə deyil”

“Türkiyədə seçkilərin təxirə salınması gündəlikdə deyil”.

“Report” NTV-yə istinadən xəbər verir ki, bunu Türkiyə Prezident Adminstrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun deyib.

O bildirib ki, hazırda prioritet baş vermiş zəlzələnin təsirlərinin aradan qaldırılmasıdır:

“Zəlzələ nəticəsində itkilərimiz oldu. Hazırda onlarla məşğuluq. Dövlət – millət vəhdəti nəticəsində problemlərimizi həll edəcəyik”.

Qeyd edək ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub.

Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək 6 000-dən çox afterşok qeydə alınıb. İki zəlzələ həmçinin Livan, Kipr, İraq, İsrail, İordaniya, İran və Misirdə hiss edilib.

Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və onminlərlə itkiyə səbəb olub. Türkiyənin zəlzələ baş verən 10 şəhərində 3 aylıq fövqəladə vəziyyət elan olunub.

Bu hadisə Türkiyədə 1939-cu ildən bəri qeydə alınan ən güclü zəlzələ kimi tarixə düşüb.

Zəlzələdən dərhal sonra Azərbaycanda qardaş ölkə üçün yardım toplanmasına başlanılıb. Hadisə nəticəsində azı 44 218 nəfər ölüb.

Zəlzələ ilə əlaqədər seçkilərin vaxtının təxirə salınacağı iddia edilir.

Xatırladaq ki, seçkilərin mayın 14-də keçirilməsi planlaşdırılır.