Paris-2024: Azərbaycan millisi final mərhələsində növbəti dəfə çıxış edib

Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandası Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarında final mərhələsində növbəti çıxışını həyata keçirib.

"Report"un turnirə ezam olunmuş əməkdaşı xəbər verir ki, təsnifat mərhələsini 8-ci pillədə başa vuran Zeynəb Hümmətova, Darya Sorokina, Ləman Əlimuradova, Güllü Ağalarzadə və Yelizaveta Luzandan ibarət heyət bu dəfə 3 lent və 2 topla səhnəyə çıxıb.

Komandamız 31.600 xala layiq görülüb. Millimiz iki hərəkətə əsasən 66,450 xal toplayıb. Çıxışını başa vuran gimnastlarımızın son mövqeyi digər rəqiblərin nəticələrindən sonra müəyyənləşəcək.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.