Zəlimxan Məmmədli: “Xalq Cəbhəsi adı öz tarixi missiyasını yerinə yetirib və o adı rahat buraxmağın zamanı çoxdan gəlib”
“Yeni siyasi düşüncə ilə siyasi partiya quruculuğu çağdaş dövrün tələbidir”
“Yeni siyasi düşüncə ilə siyasi partiya quruculuğu çağdaş dövrün tələbidir”
"Borçalı" İctimai Birliyinin sabiq sədri Zəlimxan Məmmədli sosial şəbəkə profilində maraqlı paylaşım edib. Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu və mərhum Prezident Əbülfəz Elçibəyin köməkçisi olmuş Əli Mürsəloğlu ilə uzun illər əvvəl çəkilmiş fotosunu paylaşan Zəlimxan Məmmədli "Xalq Cəbhəsi" ifadəsi ilə bağlı status paylaşaraq bir növ cəbhəçilərə çağırış ünvanlayıb. Z.Məmmədli bildirib ki, Xalq Cəbhəsi adı öz tarixi missiyasını yerinə yetirib və o adı rahat buraxmaq zamanı çoxdan gəlib: "Amma yenə də gec deyil. Çağdaş, yeni siyasətin tələblərinə uyğunlaşmaq, müasir siyasi texnologiyaları siyasi gündəmə daşımaq sosial sifarişdir. Mirmahmud bəyə və Əli Mürsəloğluna sayğılarlarımla..".
Məsələni daha ətraflı şərh etməsi üçün Zəlimxan Məmmədli ilə əlaqə saxladıq. O, "Sherg.az"a açıqlamasında niyə belə qənaətə gəldiyini izah etdi: "Azərbaycan Xalq Hərəkatında və Xalq Cəbhəsinin qurulmasında önəmli rolu olan insanlardan biriyəm. Uzun müddət vəzifədə olmuşam və ona görə də onun içini, quruluşunu, fəlsəfəsini, ideoloji təməllərini bilirəm. Əbülfəz Elçibəyin vəfatından sonra qurultayda çıxış edərkən təklif etmişdim ki, Xalq Cəbhəsi bir dalğa, enerji idi, gəldi və getdi. Bəyan etmişdim ki, müstəqilliyimiz elan olunub və bundan sonra hədəflərimiz nostalji duyğularla yenidən o dönəmi geri qaytarmaq deyil, qabağa baxmaq olmalıdır. Yeni dövrün, çağırışların siyasətini öyrənməliyik. İnsanın düşüncəsi yerindədirsə, istənilən adla uğur qazana bilər. Reallıq odur ki, sadəcə nostalji duyğuların, keçmişə bağlılığın hakim olduğu bir düşərgədə olmuşuq. Siyasi texnologiyalardan uzaq qalmışıq. Bu da zaman-zaman bizi geri salıb".
Zəlimxan Məmmədli vurğulayıb ki, mənəvi məsuliyyət daşıdığına görə güman edir ki, Xalq Cəbhəsi artıq tarixi missiyasını yerinə yetirib: "Torpaqlarımız işğaldan azad olunub, Qarabağ problemi həllini tapıb. "Xalq Cəbhəsi" kimi köhnə adlara ilişib qalmamalıyıq. Həmin dövrə bir şərəfli tarix kimi baxmalıyıq. Nəzərə alaq ki, dünya sürətlə, özü də xəyal etməyəcəyimiz formada dəyişir. Dünya yenidən bölünür, yeni dövlətlər yarana, yaxud bəzi ölkələr yox ola bilər. Əgər Xalq Cəbhəsinin ideallaşdırdığı bütövlük və turançılıq məsələsi indi də gündəmdədirsə, deməli, qafamızı, düşüncəmizi həm buna uyğunlaşdırmalıyıq, həm də dünyanın yeni siyasi texnologiyalarını yaxşı mənimsəməliyik. Yeni siyasi düşüncə ilə siyasi partiya quruculuğu çağdaş dövrün tələbidir. Hərəkatdan doğan partiyaların və liderlərin indiki durumuna nəzər salsaq, siyasi sistemin ciddi tənəzzülünü görərik".
Həmsöhbətimizin fikrincə, tənəzzüldən çıxmaq üçün ada bağlı olmayan modern siyasi sistem qurmalıyıq: "Həmin adın üzərində konfliktlər, ciddi nifrətlər, bölücülük var. Yəni mənfi tendensiya çoxdur. "Xalq Cəbhəsi" adına iddialılar, "birinci mənəm" deyənlər, bunlar artıq köhnəlmiş şeylərdir. Qurtarmaq lazımdır. Statusa gəlincə, son dönəmlər tariximizlə, gördüyüm, içində olduğum Hərəkatın tarixi ilə bağlı yazılar yazıram. Hadisələri tərəfsiz və obyektiv qələmə almağa çalışıram. Qarşıma bir foto çıxdı və duyğulandım. Yaxşı dönəmlər idi. Amma o vaxtdan novatorluğun, yenilənməyin tərəfdarı olmuşam. Hətta zamanında "Milli Hərəkat Partiyası" (MHP) adını təklif etmişdim. Bütün hallarda, prinsip etibarı ilə nostaljilərlə və "bəlkə qaytardılar" düşüncəsi ilə yaşamaq və siyasi səhnədə uğur qazanmaq qeyri-mümkündür. Siyasətə, hədəflərimizə yeni baxış zəruridir".
Z.Məmmədli ocağın qurulmasında iştirak etmiş bir şəxs kimi səmimi olaraq öz düşüncələrini ortaya qoyduğunu söyləyib: "Ocağın parlamasını, çiçəklənməsini istəyirəm. Hesab edirəm ki, inkişafın təməllərindən biri köhnə addan imtina edərək yeni adla yola davam etməkdir. Qafa, həvəs, eşq varsa, istənilən adla nailiyyətlər qazanmaq mümkündür. Söhbət təkcə KXCP-dan yox, "Xalq Cəbhəsi" adına iddialı hər qurumdan, şəxsdən gedir. Şərəfli tariximizdir deyərək arxivə, yaraşıqlı bir yerə qoyaq. Sui-istifadə etmək istəyənlərə də imkan verməyək. Milli Hərəkata dil uzatmağın özü millətə sataşmaqdır, tariximizə daş atmaqdır. Ciddi siyasi dəyişimləri proqnozlaşdırıram və düşünürəm ki, yeni siyasi təfəkkürlə rəqabətə tab gətirəcək sistemlərə ehtiyac var. Köhnə düşüncələrdə dinamika yoxdur".