Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi;
Hər zaman vurğulanır ki, biznes mühitinə, sahibkarlıq sahəsinə heç bir maneə törədilməməlidir
“Rəqabət Məcəlləsinin bütün müddəaları həyata keçirilərsə, biznes mühitinin inkişafına təkan verəcək"
Hər zaman vurğulanır ki, biznes mühitinə, sahibkarlıq sahəsinə heç bir maneə törədilməməlidir
“Rəqabət Məcəlləsinin bütün müddəaları həyata keçirilərsə, biznes mühitinin inkişafına təkan verəcək"
Ölkədə biznes mühitinin əlverişliliyinin artırılması və azad sahibkarlığın təşviqi baxımından mühüm əhəmiyyət kəsb edən Rəqabət Məcəlləsi cari ilin iyul ayının 1-dən qüvvəyə minib. Məcəllədə bazar subyektləri tərəfindən rəqabət qanunvericiliyinə əməl edilməsinə dövlət nəzarəti, eləcə də bu sahədə rəqabət orqanının səlahiyyətləri ilə bağlı müddəalar da öz əksini tapıb. İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Haqsız rəqabət və reklam qanunvericiliyinə nəzarət şöbəsinin müdiri Şahin Nağıyev deyib ki, Rəqabət Məcəlləsinin əsas məqsədlərindən biri ölkəmizdə azad və sağlam rəqabət mühitinin təmin edilməsi və inkişafına şəraitin yaradılmasıdır. Onun sözlərinə görə, bununla əlaqədar olaraq, bazarlarda rəqabətin pozulması hallarının qarşısının alınması, eləcə də bu istiqamətdə nəzarət tədbirlərinin həyata keçirilməsi vacib məsələdir: "Əvvəlki qanunvericilikdə bu məsələlər öz əksini tapsa da, Rəqabət Məcəlləsi ilə müvafiq sahədə dövlət nəzarəti mexanizmləri daha da təkmilləşdirilib. Məlumdur ki, rəqabətin pozulması halları bazar iştirakçılarının müxtəlif hərəkətləri nəticəsində baş verə bilər. Məcəlləyə əsasən, sözügedən pozuntu hallarını rəqabəti məhdudlaşdıran üfüqi və şaquli sazişlər, hökmran mövqedən sui-istifadə, nisbətən yüksək bazar gücünə malik təsərrüfat subyektləri tərəfindən sui-istifadə hərəkətləri, haqsız rəqabət və təsərrüfat subyektlərinin təmərküzləşməsi istiqamətləri üzrə qruplaşdırmaq olar. Xüsusilə vurğulanmalıdır ki, Məcəllədə təbii inhisar sahəsində dövlət tənzimlənməsi ilə bağlı məsələlər ayrıca göstərilib. Məcəllə ilə bazar subyektləri tərəfindən rəqabət qanunvericiliyinə əməl edilməsinə dövlət nəzarətinin rəqabət orqanı, yəni Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən həyata keçilməsi müəyyən edilib. Bazarda rəqabətin təmin olunması, qorunması və inkişafına daha effektiv nəzarətin təşkil edilməsi üçün rəqabət orqanının statusu, vəzifələri və hüquqları, habelə bazar subyektlərinin hüquq və vəzifələri də Məcəllədə öz əksini tapıb". Şahin Nağıyev vurğulayıb ki, Məcəlləyə əsasən, bazar subyektlərində rəqabət orqanı tərəfindən araşdırmalar və yoxlamalar aparıla bilər: "Rəqabət qanunvericiliyinin pozulmasına dair bazar subyektləri və ya ayrı-ayrı şəxslərdən müraciətlər, məlumatlar daxil olarsa, rəqabət orqanının rəsmi internet səhifəsində dərc edilir. Bundan əlavə, sağlam rəqabətin inkişafını stimullaşdırmaq, maneələri aradan qaldırmaq və ya onları azaltmaq məqsədilə rəqabət orqanı tərəfindən yoxlamalar keçirilir". Qurum rəsmisi bəyan edib ki, sahibkarlıq fəaliyyəti də daxil olmaqla, iqtisadi fəaliyyətin azad və sağlam rəqabət şəraitində həyata keçirilməsinin təmin olunması rəqabət siyasətinin əsas prinsiplərindən biridir.
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəis müavini Cəfər Babayev də bildirib ki, özəl bölmənin inkişafında bazarda rəqabət problemlərinin həllinə imkan verən işlək, çevik və çəkindirici qanunvericiliyin olması mühüm rol oynayır. Bu baxımdan yeni qəbul edilən Rəqabət Məcəlləsi milli bazarda təsərrüfat subyektlərini inhisarçı davranışlardan çəkindirən ən önəmli amildir. C.Babayevin sözlərinə görə, iqtisadiyyatın inkişafı ilə yeni iqtisadi modellər tətbiq edilir. Bu da daha səmərəli tənzimləmə alətlərindən istifadəyə ciddi zərurət yaradır. Bundan irəli gələrək dünyanın bir çox ölkələrində rəqabət qanunvericilikləri inkişaf etdirilir. Mövcud rəqabət problemlərinin həllinə istiqamətlənən və təsərrüfat subyektlərini inhisarçı davranışlardan çəkindirən qanunvericilik normaları yaradılır. Xidmətin rəis müavininin fikrincə, özəl sektorun inkişafına dəstək verən amillərdən başlıcası sahibkarlıq subyektlərinin iştirak etdiyi bazarlarda rəqabət mühitinin qorunması və bazarın bütün iştirakçılarının eynişərtli rəqabət imkanları ilə təmin edilməsidir. Sözügedən məcəllənin hüquqi qüvvəyə minməsi ilə özəl sektorun bazara girişinə maneə yaradan inhisarçı davranışlara, rəqabət mühitinə mənfi təsir göstərən təmərküzləşmələrə və digər hökmran mövqedən sui-istifadə hallarına qarşı mübarizə imkanları da genişlənəcək. Bu da, ilk növbədə, bazara giriş maneələrinin aradan qaldırılmasında müsbət nəticələrə gətirib çıxaracaq.
Ekspertlərin sözlərinə görə, Rəqabət Məcəlləsi sahibkarlığın inkişafını stimullaşdırır. Həmçinin vergi, gömrük, dövlət satınalmaları və iqtisadi subyektlərlə qarşılıqlı əlaqədə olan digər dövlət sektorlarında şəffaflıq və ədalətliliyin təminini, ilk növbədə, rəqabət mühitini gücləndirir. Bu, həm də sahibkarlıq fəaliyyətinin qanun çərçivəsində qurulması, iqtisadiyyatın əsaslarının möhkəmlənməsi baxımından da zəruri şərtlərdən biridir. Çünki sağlam rəqabətli iqtisadiyyat həm xalqın rifah səviyyəsini yüksəldir, həm də xaricdən ölkəyə investisiya axınının miqyasını artırır. Rəqabət Məcəlləsinin tətbiqi ölkə iqtisadiyyatına, o cümlədən biznes imkanlarının səmərəliliyinə müsbət təsir göstərəcək, idxal-ixrac potensialını daha da gücləndirəcək. Digər tərəfdən bu, ölkədə monopoliyanın təsirlərinin aradan qaldırılmasını və bazar payının azaldılmasını şərtləndirəcək. Nəticə etibarilə Rəqabət Məcəlləsi respublikada rəqabət mühitinin daha da müsbət istiqamətə dəyişməsinə, onun liberallaşmasına əlverişli şərait yaradacaq. Bu isə qiymətlərin daha sabit qalmasını gerçəkləşdirəcək və süni bahalaşmanın qarşısını alacaq. Məcəllənin qəbulunun kiçik və orta biznesə də müsbət təsirləri olacaq. Onların fəaliyyətinin stimullaşdırılmasına, investisiya yönümünə təsir edəcək, idxal-ixrac əməliyyatları sürətlənəcək və fəaliyyət istiqamətləri genişlənəcək. Qeyd edilənlərlə yanaşı, valyuta gəlirlərinin artmasında, qeyri-neft sektorunun inkişafında əhəmiyyətli rol oynayacaq. Həm yerli, həm də xarici investisiyaların artmasına əlverişli şərait yaradacaq. Bir sözlə, məcəllənin qüvvəyə minməsi ilə biznes mühitinin inkişafının qarşısını alan, inhisarçı davranış hesab edilən hallara qarşı mübarizə imkanları genişlənəcək.
İqtisadçı-ekspert Fuad İbrahimov "Sherg.az"a açıqlamasında deyib ki, istənilən qanunun icra mexanizmi yoxdursa, sadəcə, kağız üzərində qalırsa, əlbəttə ki, onun effektiv nəticəsi olmayacaq. Ekspertin sözlərinə görə, hər bir qanunun icra mexanizmi olmalıdır və mühit ona uyğunlaşmalıdır:
"Əgər mövcud qanunvericilikdə Rəqabət Məcəlləsinin bütün müddəaları həyata keçirilərsə, qısa zaman kəsiyində müsbət nəticələrini görəcəyik. Əks halda digər qanunlarımız kimi sadəcə kağız üzərində qalacaq. Hər zaman vurğulanır ki, biznes mühitinə, sahibkarlıq sahəsinə heç bir maneə törədilməməlidir. Bunu yoxlamağın çox rahat üsulu var. Məsələn, şəhərin hansısa yerində balaca bir iş qurmaq üçün obyekt götürün. Görün, səhəri gün qapınızın qarşısına 10 nəfər məmur gələcək. Dövlətin bütün nəzarət orqanları tökülüşəcəklər. İcra hakimiyyəti tutmuş JEK-ə qədər. Ancaq heç bir qurum sizə dəstəyə, köməyə gəlməyəcək. Sadəcə, problem yaratmağa çalışırlar. Bax, bizim bəlamız budur. O baxımdan qanunvericiliyin tələblərinə qeyd-şərtsiz əməl etmək olduqca vacibdir. ASAN Xidmətdəki icra mexanizmi mükəmməldir. ASAN demək olar ki, əksər qurumun işini öz üzərinə götürüb. Vətəndaş bəzi texniki problemləri çıxmaq şərti ilə həmin xidmətlərdən istifadə edərkən problem yaşamır. Sənədləşmə işləri çox rahat şəkildə həyata keçirilir. Deməli, bu işləri asanlıqla, süründürməçilik olmadan reallaşdırmaq mümkündür. Əgər Rəqabət Məcəlləsi ilə bağlı icra mexanizmi tətbiq olunacaqsa, öhdəliklər həyata keçirilərsə, əlbəttə ki, bütün sahibkarlar bunun effektini görəcək. Ona görə də bir dəfə hərəkətə gətirilmiş icra mexanizmini qətiyyən dayandırmaq olmaz. Ümid edirik ki, uzun müddət müzakirələrdən sonra qəbul olunan və nəhayət qüvvəyə minən Rəqabət Məcəlləsi biznes mühitinin inkişafına təkan verəcək".