Bakıda iməcilik keçirilib

Son vaxtlarda paytaxtda aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri nəticəsində küçə və yol kənarlarında, həyət və məhəllələrə yayılan tozun təmizlənməsi, şəhərin sanitar təmizliyik səviyyəsinin daha da yüksəldilməsi, mövcud yaşıllıqlara qulluq göstərilməsi məqsədilə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən şənbə günü, avqust ayının 10-da paytaxtda növbəti genişmiqyaslı daxili ümumşəhər iməciliyi təşkil edilib.

Bakı Şəhər İcra Hakimiyyətindən APA-ya verilən xəbərə görə, qurumun Kommunal təsərrüfat xidmətlərinin texnikası səhər saatlarından etibarən əsas küçə və prospektlərin bitki və canlılara ziyansız yuyucu maddələrlə yuyulmasını aparıb. İməcilik zamanı həm də məhəllədaxili və ara yollar da yuyulub. Xidmətin əməkdaşları tərəfindən prospekt və küçələrin, səki kənarlarının, bordürlərin və buradakı işıq dirəklərinin, yol kənarındakı məhəccərlərin, park və istirahət yerlərində oturacaqların yuyulmasını həyata keçirilib, həyət və yaşayış məhəllələrində təmizlik işləri görülüb.

Bakı Şəhər İcra Hakimiyyətinin çağırışına qoşulan müəssisə, idarə və təşkilatların kollektivləri, həmçinin ictimai-iaşə, ticarət və digər obyektlərin əməkdaşları da iməcilikdə yaxından iştirak edərək öz obyektlərinin vitrinlərini təmizləyib, ətrafında səliqə-sahman yaradıblar. Eyni zamanda, şəhər sakinləri də bu iməcilikdə fəal şəkildə iştirak edərək yaşadıqları mənzillərin pəncərələrini və binaların həyətini təmizləyiblər.

Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi əməkdaşları tərəfindən əsas magistral yol və prospektlərin kənarlarındakı ağacların üzərinə toplanan toz və torpaq yuyulub, onların dibi yumşaldılıb, ağaclara və yaşıllıq sahələrinə aqrotexniki qulluq göstərilib və təbii gübrələr verilib. Eyni zamanda, şəhər sakinləri və paytaxtımızın qonaqlarının zövqünü oxşayacaq rəngbərəng güllər əkilir, müxtəlif rəngli güllərdən kompozisiyalar yaradılır, yaşıllıq zolaqları və parklarda qazon örtüyünün yenilənməsi aparılır.

Paytaxtın sanitar təmizliyinin lazımı səviyyədə saxlanılması və yaşıllıqların qorunması üçün tələb olunan bütün tədbirlər davam etdiriləcəkdir.