Əks halda regionumuz böyük maraqların toqquşduğu poliqona çevriləcək
"Azərbaycan-Ermənistan arasında sülh sazişinin imzalanması gecikir və proses faktiki irəliləmir". Bunu Azərbaycan Demokrat Partiyasının sədr müavini Həsrət Rüstəmov deyib. Siyasi şərhçi bildirib ki, bu ilin əvvəlində proses daha sürətli gedirdi, sərhədlərin bəlli bir hissəsi razılaşdırılmışdı: "Prosesin getdikcə dalana dirənməsi aşkar hiss olunur. Təəccüblü olsa da, bunun başlıca günahkarı Azərbaycan və Ermənistan deyil. Ermənistanda fəallığını artıran Avropa və ABŞ bir tərəfdən, regionda onlarla mövqe döyüşü aparan Rusiya digər tərəfdən sülh sazişinin mümkün qədər ləngidilməsinə çalışırlar. Bu, regiondan kənar güclərin burada maraqlarını uzlaşdıra bilməməsini göstərir. Doğrudur, rus rəsmilərindən fərqli olaraq ABŞ rəsmiləri sözdə danışıqların tezliklə sülh sazişi ilə nəticələnməsi üçün dəfələrlə çağırışlar ediblər. Sadəcə olaraq fəaliyyətdə bu prosesə mane olan addımlar atmaqla öz bəyanatlarının əleyhinə olduqlarını nümayiş etdiriblər".
Siyasi şərhçinin fikrincə, sülh əldə etmədən tərəflərdən birinə - Ermənistana hərbi yardım göstərmək, bu ölkənin Müdafiə Nazirliyinə müşavir təyin etmək aydındır ki, sülh istəkləri ilə bir araya sığmır: "Bir sözlə, Ermənistan hökuməti özündə güc tapıb, beynəlxalq güclərin apardıqları real siyasətə baxmadan, sülh prosesini əvvəlki templə aparmalı və sürətlə başa çatdırmalıdır. Əks halda nəinki bölgədə real sülh arzu olaraq qalacaq, əksinə, regionumuz böyük maraqların toqquşduğu poliqona çevriləcək. Azərbaycan bu prosesdə daha fəal rol oynaya bilər və oynamalıdır. Ermənistan və onun xalqı da başa düşməlidir ki, sülh sazişi onların yeganə xilas yoludur".