Pekinin sülh təklifləri reallaşmayacaq - ANALİZ


Çinin Rusiya ilə Ukrayna arasında barışdırıcı missiya rolu oynaması inandırıcı görünmür

Ukraynada müharibənin davamı Çinə Qərblə münasibətlərdə əlavə problemlər yaradıb


  Ukrayna müharibəyə dair Çinin təklif etdiyi sülh planını nəzərdən keçirir. Bunu Ukrayna lideri Volodimir Zelenski bildirib. Sözügedən sənədlə tam tanış olmadığını qeyd edən Zelenski bu istiqamətdə diplomatların görüşdüyünü və hələlik  bu sənədə “diaqnoz qoymaq” üçün  hələ tez olduğunu deyib. 
  Qeyd edək ki, Çin dəfələrlə sülhə çağırsa da, Moskvanı təcrid etmək üçün Qərbin təzyiqlərinə müqavimət göstərərək rusiyalı həmkarı Vladimir Putinin yanında olub.
  Çin həmçinin Rusiya ilə ticarəti gücləndirib və xüsusilə Rusiyanın enerji ixracatının istəkli alıcısı olub, Rusiyanın sanksiyalardan əziyyət çəkən iqtisadiyyatına həyat ipi verib. Bu  reallıqlar fonunda  Çinin Rusiya ilə Ukrayna arasında barışdırıcı missiya rolu oynaması inandırıcı görünmür.
  Politoloq Azər Rəşidoğlunun “Şərq”ə açıqlamasına görə, Çinin "sülh planı” atəşkəs çağırışı və Ukraynaya silah tədarükünü dayandırmasını ehtiva edir. A.Rəşidoğlu bildirib ki, Putin, Ukraynanın müttəfiqlərinin dəstəklədiyi və Rusiya qoşunlarının çıxarılmasını və hərbi əməliyyatların dayandırılması tələbinə qarşı BMT Baş Assambleyasının 24 fevral hadisələrinin ildönümünə həsr olunmuş layihə ilə rəqabət aparmaq üçün yeni qətnamə layihəsini təklif edə bilər: “Çinin "sülh planı"nın uğur qazanma şansı az olsa da, ABŞ müttəfiqləri bu təklifin "Qlobal Cənub" ölkələrində rezonans doğuracağından və BMT-də potensial olaraq səs qazanacağından narahatdırlar. Onu da unutmaq olmaz ki, Ukrayna böhranı Çin iqtisadiyyatının xeyrinə işləyir. Qərb ilə Rusiyanın Ukrayna uğrunda mübarizəsi nəticəsində Çin dünya iqtisadiyyatında liderliyi tezliklə ələ keçirə bilər. 1973-cü ildə Ərəb-İsrail müharibəsi zamanı ərəb dövlətləri koalisiyası ABŞ ilə Qərbi Avropa ölkələrinə neft satışına embarqo tətbiq etdiklərindən qiymətlər qalxdı. 1973-cü ilin oktyabrından 1974-cü ilin martınadək yanacaq böhranı yarandığından Amerikada avtomobil istehsalı çökdü. Bu gün Qərb Rusiyadan iqtisadi və enerji asılılığını azaltmaq üçün Transxəzər layihələrinin reallaşdırılmasına əvvəlkindən daha böyük həvəslə çalışır. Eyni zamanda da İranın qlobal enerji (əsasən qaz) bazarına yenidən daxil olması istiqamətində addımları sürətləndirə bilərlər. Avropa və Çin arasında yükdaşımaların digər dəhlizlərə, o cümlədən də Azərbaycanın yerləşdiyi Orta Dəhlizə ötürülməsi istiqamətində addımların atılması da qaçılmazdır”.
  Politoloqun sözlərinə görə, qəbul edilən sanksiyaların nəticələri orta və uzunmüddətli dövrdə özünü daha açıq göstərəcək: “Çin bəlkə də dövlət olaraq bu sanksiyalara qoşulmayacaq, ancaq Çin şirkətlərinin çoxu bu sanksiyalara əməl etmək məcburiyyətində qalacaq. Çünki Çin də Qərb iqtisadiyyatından asılıdır, onlarla ciddi əməkdaşlıq edir. Bununla Rusiya səmərəliliyi onsuz da çox aşağı olan iqtisadiyyatını bir qədər də çətin vəziyyətə salır. Tətbiq edilən texnologiya sanksiyaları bu iqtisadiyyatın səmərəliliyini daha da aşağı salacaq, iqtisadiyyat qlobal dəyər zəncirlərindəki mövcud mövqelərinin əhəmiyyətli hissəsini itirəcək və əvvəlki illərlə müqayisədə Çindən daha çox asılı vəziyyətə düşəcək. Bu vəziyyətdə Rusiya iqtisadiyyatı üçün əsas pozitiv təsir enerji, qida və metal qiymətlərinin yüksəlməsidir. Bu təsir də itirdikləri qarşısında elə də əhəmiyyətli deyil”.

  “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu isə  “Şərq”ə açıqlamasında deyib ki, Pekin Rusiyanın Ukraynadakı işğalçı müharibəsinə görə Qərbin sanksiyaları ilə üzləşmək istəmir: “Çinin özü çox ağır vəziyyətdədir. Ukraynada müharibənin davamı Çinə Qərblə münasibətlərdə əlavə problemlər yaradıb, bu, Çin iqtisadiyyatına və ticarət əlaqələrinə mənfi təsir edib. Pekin Rusiyanın Ukraynadakı işğalçı müharibəsinə görə Qərbin sanksiyaları ilə üzləşmək istəmir.
Çin lideri Si Tsinpinin müharibənin dayandırılmasıyla bağlı təkliflərini oxudum. Konkret heç nə yoxdur.  Çin özünü “sülhpərvər” göstərmək üçün 12 maddəlik  təklif hazırlayıb və həmin sənədi həm Moskvaya, həm də Kiyevə göndərib. 
  Hamısı ümumi, bir ildir hamının dediyi  sözlərin toplusudur. Bu mənada 
Pekinin sülh təklifləri reallaşmayacaq. Çünki bu təkliflərin içərisində Ukraynaya silah və hərbi texnikanın verilməsinin dayandırılması bəndi də var. Bunun reallaşması mümkün deyil. Kremlin özü də Pekinin təkliflərinə maraq göstərmir. Kremlin Pekindən əsas istəyi iki ölkənin birgə səyləri ilə Amerikanın hegemonluğuna son qoyaraq çoxqütblü dünya formalaşdırmaqdır. Pekin çoxqütblü dünyanın formalaşdırılmasının tərəfdarıdır, ancaq Kreml kimi Qərblə açıq qarşıdurmanın əleyhinədir. Müharibənin dayandırılması üçün tək bir şərt var, Rusiya qoşunlarını geri çəkməlidir. Çin bunu Rusiyadan tələb etmədiyi müddətdə heç bir  barışdırıcı missiyadan söhbət gedə bilməz”. 
Şəymən