Lavrov: Rusiya və Çinin əməkdaşlıqla bağlı böyük planları var

Rusiya və Çinin ikitərəfli əməkdaşlığı inkişaf etdirmək üçün böyük planları var.

APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov G20 XİN başçılarının görüşü çərçivəsində Çinin xarici işlər naziri Sin Qanla görüşündə bildirib.

“Bizim ikitərəfli əməkdaşlığın inkişafı üçün çox perspektivli planlarımız və təbii ki, Rusiya və Çinin beynəlxalq münasibətlər sistemində sabitləşdirici amil rolunu nəzərə alaraq zəngin xarici siyasət gündəliyimiz var”, - deyə Rusiya XİN başçısı vurğulayıb.

Lavrov Çin nazirini bu vəzifəyə təyin olunması münasibətilə bir daha təbrik edərək, əmin olduğunu bildirib ki, Sin Qan liderlərin razılaşdırdığı bütün sahələrdə, o cümlədən ticarət, iqtisadi və mədəni sahələrdə davamlılığı və mütərəqqi irəliləyişi təmin edəcək.