Çin müdafiə büdcəsini 224,85 milyard dollara çatdıracaq


Çin 2023-cü ildə müdafiə büdcəsini 1,553 trilyon yuana (təxminən 224,85 milyard dollar) çatdırmaq niyyətindədir.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə XIV Ümumçin Xalq Nümayəndələri Konqresinin 1-ci sessiyasının açılışında dərc edilmiş büdcə layihəsində deyilir.

Büdcə 7,2 faiz artırılır.

Həmçinin qeyd edilir ki, hakimiyyət bu il Çin Xalq Azadlıq Ordusunun modernləşdirilməsi proqramını sürətləndirmək və qoşunların döyüş hazırlığını gücləndirmək niyyətindədir.

Eyni zamanda, ötən ilin noyabrında ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Mark Milley demişdi ki, Vaşinqton hərbi potensialını gücləndirməklə Çin ordusunun dünyada ən güclü silahlı qüvvələrinə çevrilməsinə imkan verməyəcək.