İranın daha 6 vilayətində zəhərlənmə: onlarla məktəbli qız xəstəxanalıq oldu

İranın 6 vilayətində onlarla qız şagirdin zəhərləndiyi bildirilib.
Bakupost.az xəbər verir ki, zəhərlənmə halları Şimali Xorasan, Fars, Rəzəvi Xorasan, İsfahan, İlam və Xuzistan əyalətlərində baş verib.
Şimali Xorasan Təhsil naziri Əbülqaım Əkbəri, Bocnurd əyalətində iki məktəbdən 46 qız şagirdin zəhərlənmə əlaməti ilə xəstəxanaya yerləşdirildiyini açıqlayıb.
Məktəblilərin ürəkbulanma, halsızlıq, başgicəllənmə kimi şikayətləri olub.
Əkbəri, onların vəziyyətinin yaxşı olduğunu bildirib.
Fars əyalətinin Şiraz və Sərvistan şəhərlərində də 24 tələbə oxşar simptomlarla xəstəxanaya yerləşdirilib.
İlam əyalətinin Eyvan, İsfahan vilayətinin Kaşan, Rəzəvi Xorasan əyalətinin Məşhəd, Xuzistan əyalətinin Əhvaz şəhərlərində də onlarla tələbə oxşar şikayətlərlə xəstəxanalara yerləşdirilib.
Xuzistan əyalətinin 6 şəhərində indiyədək 700 qız şagirdin zəhərlənib. Onlardan 200-ü müşahidə altına alınıb.
Qeyd edək ki, İranda 2022-ci il noyabrın 30-dan etibarən məktəblərdə kütləvi zəhərlənmə halları diqqət çəkir. Qum, Loristan, Tehran, Ərdəbil, Kirmanşah, Simnan, Mazenderan, Çeharmahal və Bəxtiyari, Elburz, Şimali Xorasan, Zəncan, Fars, Qərbi Azərbaycan, Xuzistan və Rəzəvi Xorasan əyalətlərində təxminən 100 gündə iki mindən çox tələbənin zəhərləndiyi bildirilir. Zəhərlənmələrin səbəbi isə hələ ki, tam açıqlanmayıb.
İranın Təhsil nazirinin müavini Yunus Pənahi fevralın 26-da keçirdiyi mətbuat konfransında tələbələrin zəhərlənməsinin qəsdən törətdildiyini bildirib: “Bəzi şəxslərin bütün qız məktəblərinin bağlanmasını istədiyi müəyyən edilib”.
Prezident İbrahim Rəisi martın 1-də Daxili İşlər naziri Əhməd Vahidi, Kəşfiyyat naziri İsmail Xətib və Səhiyyə naziri Bəhram Aynullahiyə zəhərlənmə ilə bağlı şübhəli hadisələri araşdırmaq üçün tapşırıq verib.
Rəisi, martın 3-də verdiyi açıqlamada zəhərlənmələri düşmənin xalq arasında qorxu və ümidsizlik yaratmaq planı kimi qiymətləndirib.