ABŞ Gürcüstana qarşı sanksiyalar tətbiq edə bilər

Vaşinqton xarici agentlər haqqında qanun ətrafında yaranmış vəziyyət fonunda Gürcüstan hökumətinin nümayəndələrinə qarşı sanksiyaların tətbiqini istisna etmir.

24News.ge xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.

Bildirilib ki, dinc etirazçıların sərbəst toplaşmaq hüququndan istifadə etməsinə icazə verilməlidir.

ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays isə öz növbəsində qeyd edib ki, ABŞ Gürcüstandakı hadisələri yaxından izləyir:

“Bizim Gürcüstan hökumətinə və xalqına mesajımız budur ki, ABŞ öz universal hüquqlarından dinc şəkildə istifadə edənlərin yanındadır, bu universal hüquqlar sərbəst toplaşmaq, səsini ucaltmaq, azad şəkildə danışmaq, öz hökumətini məsul tutmaqdır. Biz Gürcüstanda vəziyyətin monitorinqini davam etdirəcəyik. Bizim mesajmız budur ki, dinc aksiyaçılara bu hüquqlarından dinc şəkildə istifadə etmələrinə icazə verilməlidir”, - deyə Ned Prays keçirdiyi brifinqdə bildirib.