Tbilisidə yenidən etiraz aksiyaları başlayıb

Gürcüstan parlamentinin binası qarşısındakı Rustaveli meydanında müxalifət partiyası olan “Mühafizəkarlar Hərəkatı” tərəfdarlarının aksiyası keçirilir.

Budəfəki aksiyaçılar “Xarici agentlər haqqında” qanun layihəsini dəstəkləyir və buna etiraz bildirənləri tənqid edirlər. İştirakçılar arasında keşişlər də görünüb.

Mitinqin təşkilatçılarından biri və mühafizəkar hərəkatın lideri Zura Maxaradzenin sözlərinə görə, martın 7-9-da “xarici agentlər” haqqında qanunun qəbuluna qarşı yönəlmiş mitinqlər zamanı “mühafizəkarlar” və onların yaratdığı “Alt-info” İnternet platformasına qarşı təhdidlər olub.

“Heç kim bizi hədələməyə cürət edə bilməz. Kiminsə bizə deyəcək sözü varsa, qorxaq deyillərsə, parlamentə gəlsinlər”, - deyə Maxaradze bildirib.

Aksiya iştirakçıları “Gürcüstan”, “Yaşasın Gürcüstan”, “Hər şeydən əvvəl Gürcüstan” şüarları səsləndirirlər.

Bundan əlavə, partiya liderləri və üzvləri tərəfindən hakimiyyətin ölkəyə xarici təsirlərdən imtina etməsi və Gürcüstan xalqına, onların maraqlarına (o cümlədə “xarici agentlər haqqında” qanun layihəsi məsələsində) üstünlük verməsi çağırışları olub.

Qeyd edək ki, bir müddət bundan öncə Gürcüstanda “xarici agentlər” haqqında qanuna etiraz olaraq kütləvi etirazlar olmuşdu. 

Mənbə: “Sputnik” Gürcüstan