Türkiyə Ukrayna savaşını dayandıra bilməz

Lavrovun Türkiyə səfərində daha çox Cənubi Qafqaz bölgəsi ilə bağlı məsələlər müzakirə olunub


  Türkiyəyə səfər etmiş Rusiya xarici işlər naziri Sergey Lavrovla həmkarı Mövlud Çavuşoğlu arasında rəsmi danışıqlar keçirilib. Nazirlər iki ölkə arasındakı hərtərəfli əlaqələrlə yanaşı, regionda və dünyada baş verən hadisələrdən də söz açıblar. Təbii ki, əsas müzakirə predmeti Rusiya-Ukrayna arasında bir ildən artıqdır davam edən savaş olub. Mövlud Çavuşoğlu deyib ki, Türkiyə Rusiya-Ukrayna müharibəsinin müzakirələr vasitəsi ilə bitəcəyinə inanır. O qeyd edib ki, bunun üçün Ankara bir sıra səylər göstərib, lakin buna nail olmaq mümkün olmayıb. Çavuşoğlu, həmçinin, əlavə edib ki, taxıl təşəbbüsünün davam etdirilməsi üçün sazişin yerinə yetirilməsi lazımdır: “Bu günə qədər Ukraynanın üç limanından 866 gəmi ilə 20 milyon tondan çox taxıl dünya bazarlarına çıxarılıb”. Çavuşoğlu qeyd edib ki, bölgədə Rusiya-Ukrayna müharibəsi ilə başlayan enerji böhranının qarşısının alınmasında Türkiyə üzərinə ciddi missiya alıb. O, həmçinin, “Şimal Axını” boru xəttində partlayış ilə bağlı müstəqil araşdırmanın aparılmasının vacibliyini vurğulayıb. Rusiya xarici işlər naziri Sergey Lavrov da bildirib ki, Moskva ABŞ-la ciddi danışıqlardan imtina etmir. ABŞ Dövlət katibi Entoni Blinkenlə aprelin 24-də Nyu-Yorkda BMT Baş Qərargahında görüşün keçirilməsinin mümkünlüyü ilə bağlı suala cavabında Lavrov ölkəsinin ciddi danışıqlar təklifindən imtina etmədiyini dəfələrlə açıqladığını qeyd edib: “Baxın, Blinken G20 XİN başçılarının görüşündə ayaqüstü görüşlə bağlı xahiş etmişdi. Biz ayaqüstü görüşdük. Mən həmkarımın nə dediyini dinlədim. Vəziyyət bundan ibarətdir. Bizim mövqeyimiz dəyişməzdir. Biz ciddi söhbət haqqında bütün təkliflərə baxmağa hazırıq”. Lavrov deyib ki, Ukraynadakı vəziyyətin nizamlanması üzrə danışıqlar yalnız Rusiyanın qanuni maraqları nəzərə alınmasına əsaslana bilər. Onun sözlərinə görə, bu qanuni maraqlar təkəbbürlü şəkildə Qərb tərəfindən “iqnor” edilib: “Rusiya Federasiyasının həm prezidenti, həm də digər nümayəndələri dəfələrlə bildiriblər ki, biz danışıqlardan imtina etmirik, lakin bu danışıqlar yalnız bizim qeyd etdiyimiz əsasda, Rusiyanın qanuni maraqlarını, haqlı narahatlıqlarını nəzərə almaq əsasında baş tuta bilər”. Rusiya XİN başçısı “Taxıl sazişi”ndən də danışıb. Bildirib ki, sazişin Rusiya hissəsi həyata keçirilmir, maneələr qalmaqda davam edir: "Bu paketin BMT ilə ölkəmiz arasında xüsusi memorandumda nəzərdə tutulan Rusiya hissəsi, ümumiyyətlə, həyata keçirilmir. Həm türkiyəli dostlarımız, həm də bütün paketin təşəbbüskarı BMT-nin Baş katibi cənab Antonio Quterreş Qərb ölkələrinə müvafiq çağırışlar və tələblər ünvanlayır, lakin hər şey nəticəsiz qalır. Rusiya məhsullarının ixracının maliyyələşdirilməsi, logistik rəsmiləşdirilməsi, sığortalanması yolunda maneələr qalır və hətta daha da sərtləşir. Əlbəttə ki, biz türk dostlarımızla BMT baş katibinin təşəbbüsü ilə qəbul edilən qərarların əngəlləndiyi bir şəraitdə bütün bu vəziyyətin gələcək perspektivlərini müzakirə edəcəyik”. 

  “Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları” Mərkəzinin sədri, politoloq Samir Hümbətov "Şərq"ə açıqlamasında deyib ki, Rusiya XİN başçısı Lavrovun Türkiyə səfərinin arxasında duran əsas səbəblər ikili münasibətlərin inkişaf etdirilməsi ilə yanaşı, həm də beynəlxalq məsələlərin müzakirəsi idi. Analitik düşünmür ki, Türkiyə təkbaşına Rusiya-Ukrayna münasibətlərinin nizama salınmasını reallaşdıra bilsin: 

"Düzdür, Türkiyə "taxıl məsələsi"ndə müəyyən nailiyyət əldə etdi. Ancaq nəzərə alaq ki, taxılla bağlı problemin çözülməsində Qərb də maraqlı idi. Ona görə də danışığa gedilməsinə və razılaşmaya şərait yaratdılar. Lakin müharibənin bitməsi və sülhlə bağlı Kiyevin qəti şərtləri, tələbləri var. Ukrayna sülh danışıqlarına razılıq verməyə hazırdır, ancaq Qərb qarşısında şərt qoyur ki, rus qoşunlarını zəbt etdikləri bütün əraziləri tərk etməyə razı salsınlar. Bunun reallaşması indiki halda mümkün görünmür. 

Bir müddət öncə Türkiyə Prezidenti Ərdoğanın köməkçilərindən biri bildirmişdi ki, aprel ayında Putin-Zelenski görüşü planlanır, amma Qərb ölkələri buna imkan vermir. Yəni Qərb ölkələri Türkiyəyə təzyiq göstərirlər ki, Rusiya və Ukrayna liderlərinin təmasını təşkil etməsin. Buradan aydın olur ki, Rusiya-Ukrayna məsələsinin nizamlanması heç də Türkiyənin təkbaşına təşəbbüsündən və istəyindən asılı deyil. Burada Qərb faktoru var və göründüyü kimi onlar indiki mərhələdə müharibənin dayandırılmasını istəmirlər. Qərb Rusiyanı dizə gətirənədək savaşın davam etməsinin tərəfdarıdır. O baxımdan hesab edirəm ki, Lavrovun Türkiyə səfərində daha çox ikili münasibətlərin gələcəyi və Cənubi Qafqaz bölgəsi ilə bağlı məsələlər müzakirə olunub".