İran Almaniya vətəndaşının ölüm hökmünü təsdiqləyib

İran məhkəməsi İran-Almaniya vətəndaşı Cəmşid Şarmehdin edam hökmünü qüvvədə saxlayıb.

APA-nın xəbərinə görə, Almaniyanın xarici işlər naziri Annalena Berbok Cəmşid Şarmehdin ölüm hökmünün qüvvədə saxlanılmasının qəbuledilməz adlandırıb: "Cəmşid Şarmehd heç vaxt ədalətli mühakimə olunnmayıb. Biz İranı bu özbaşına hökmü dərhal ləğv etməyə çağırırıq”.

Almaniyanın xarici işlər naziri həmçinin işgüzar səfərdə olan Almaniyanın İrandakı səfirinin məsələni müzakirə etmək üçün Tehrana qayıtdığını bildirib: “Biz hökmün icrasına qarşı əlimizdən gələni edirik. İrandakı səfirimiz işgüzar səfərini dərhal ləğv edib və İran hakimiyyətinə müdaxilə etmək üçün Tehrana qayıdır”.

Qeyd edək ki, ABŞ-da yerləşən “Tonder” və “İran Krallığı Məclisi” kimi tanınan anti-rejim qrupunun lideri olduğu iddia edilən Şarmehd İran Məhkəməsi tərəfindən “İranda terror aktlarını planlaşdırmaq və istiqamətləndirmək yolu ilə təxribat törətmək” ittihamı ilə edam cəzasına məhkm edilib.

Sözügedən təşkilat 2008-ci il aprelin 12-də Şiraz şəhərində 14 nəfərin ölümü, 215 nəfərin yaralanması ilə nəticələnən terror aktı ilə ölkə daxilində bəzi silahlı aksiyalar və təxribat təşkil etməkdə ittiham edilir.

İran ikili İran-Almaniya vətəndaşı olan ve ABŞ-da yaşayan Şarməhdi Birləşmiş Ərəb Əmirliklərindən oğurlayaraq 2020-ci ilin iyulunda ölkəyə gətirib.