Ermənistanda müxtəlif partiya mənsublarının və siyasətçilərin özlərinə xas cəfəngiyyat danışması bu reallıqları dəyişməyəcək
Ermənistanda son günlər mütəmadi olaraq Kərki kəndinin adı gündəmə gətirilir. Daha doğrusu, bu kəndin və Naxçıvandakı ətraf ərazilərin Azərbaycana qaytarılması faciə kimi qiymətləndirirlər. Buna səbəb kimi isə oradan keçən yolu göstərirlər. Xatırladaq ki, bu yaxınlarda sərhədyanı yaşayış məntəqələrinin inkişafı proqramında Kərkinin adının olmaması Ermənistanda ciddi həyəcan yaratmışdı. İndi müzakirələr yenidən qızışıb. Ekspertlərə görə, Kərki kəndinin qaytarılması anklavların həlli prosesinin tərkib hissəsi olacaq. Ermənistanda müzakirələr getsə də, bu prosesin necə həll ediləcəyi hələ də sual altındadır. Bu yaxınlarda Ermənistan Demokratik Xalq Partiyasının sədri Aram Sarkisyan da bildirib ki, Kərki kəndi Ermənistanın təhlükəsizliyi və ərazi bütövlüyü baxımından strateji əhəmiyyət kəsb edir. Onun sözlərinə görə, İrəvan hakimiyyəti Kərki kəndini geri vermək qərarına gəlsə, onlar təkcə həmin ərazini deyil, Naxçıvan sərhədindən başlayaraq 12 kilometr uzunluğunda olan anklav adlanan ərazini də verəcək: "Bütün o hissə türk dünyasını birləşdirən dəhlizə çevrilir. Çünki oradan Sisiana, Meğriyə və s. yol açılır. Yəni Kərki anlayışı anklav deyil. Bu hökumət o sövdələşməsini həyata keçirsə, dəhlizin formalaşmasına start verəcək".
Milli Cəbhə Partiyasının sədr müavini, siyasi şərhçi Tural İrfan "Sherg.az"a bildirib ki, erməni tərəfi mütəmadi olaraq əsassız iddia və iftiralar səsləndirir. Ancaq reallıq və razılaşmaların tələbi odur ki, Kərki və Qazaxın digər 3 kəndi Azərbaycanın hüquqi ərazisi olaraq dərhal azad edilməlidir. Ekspertin sözlərinə görə, kəndlər azad edildikdən sonra onlara dəymiş ziyan da ödənməlidir:
"Kərki kəndi də, Qazaxın 3 kəndi də strateji əhəmiyyət kəsb edir. Ermənistan silahlılarının həmin kəndləri işğal etməsi də bölgənin strateji əhəmiyyəti ilə bağlı idi. İstənilən halda 10 noyabr üçtərəfli bəyannaməyə və sonrakı razılaşmalara görə bu kəndlər qeyd-şərtsiz qayıdacaq. Ermənistanda müxtəlif partiya mənsublarının və siyasətçilərin özlərinə xas cəfəngiyyat danışması bu reallıqları dəyişməyəcək. Ermənistan hakimiyyəti bu məsələdən məsuldur və boynuna düşən vəzifəni icra etməlidir. Əks halda hərbi əməliyyatla kəndləri azad etməyə Azərbaycanın mütləq hüquqi, siyasi əsası var. Kəndlər anklav olduğuna və ora yol Ermənistan ərazisindən keçdiyinə görə, sülh müqaviləsindən sonra ərazidən gediş-gəlişin normal şəraitdə təmin olunmasını gözləyirdik. Amma Ermənistan bu qədər güzəştə rəğmən, hələ də tərəddüd edirsə, biz gözləməyə borclu deyilik".
T.İrfanın qənaətincə, məsələ əslində kəndlərin azad edilməməsi də deyil: "Onsuz da Ermənistan bilir ki, kəndlər mütləq qaytarılmalıdır və qaytarılacaq. Fəqət, kəndlər anklav olduğu üçün yol məsələsi gündəmə gəlir. Əgər Ermənistan sülh prosesinə töhfə vermək fikrində deyilsə, kəndlər hərbi təzyiq yolu ilə dərhal azad edilməlidir. Müvafiq beynəlxalq qanunlara görə, həmin ərazilərə kommunikasiya əlaqələri yaratmaq üçün münasib şərait yaratmalıdır. Yenə deyirəm, sülh sazişi imzalansaydı, anklav kəndlərə yol daha rahat həll olunardı. Kərki kəndinin türk dünyası ilə əlaqələrdə mühüm rolu erməniləri narahat etsə də, geriyə yol yoxdur. Ermənistanın özü üçün yaxşı olar ki, cığallıq etmədən Kərkini və digər kəndləri qaytarsınlar. Bunun alternativini onlar gözəl bilirlər. Məncə, yaxın zamanda sözügedən kəndlər azadlığa qovuşacaq".