ABŞ Ermənistanı silahlandırmaqla regionda vəziyyəti gərginləşdirir
Ermənistan Müdafiə Nazirliyində Pentaqonun yüksəkrütbəli zabitinin xidmətə başlaması Ağ Evlə İrəvan arasında hərbi əməkdaşlığın inkişafının göstəricisidir. Avropa İttifaqının Ermənistana hərbi məqsədli 270 milyon avro, ABŞ-nin isə 67 milyon dollarlıq maliyyə ayırması da nəticəsini verməkdədir. Amerika Silahlı Qüvvələrinə məxsus hərbi yük təyyarələrinin Ermənistana silah-sursat daşıması hamıya məlumdur. İki təyyarədən birində İran ərazisindən buraxılan raketlərin və başqa uçan aparatların trayektoriyalarını izləyən xüsusi qurğular olub. Gətirilən qurğular Ermənistanın İranla sərhədində yerləşdiriləcək. ABŞ bu cihazları idarə edəcək heyətin sayını 30-50 nəfərə çatdırıb. Ekspertlərin fikrincə, Baş nazir Nikol Paşinyanın Azərbaycanla şərti sərhədyanı rayona səfəri, ərazidə partlayış səsləri, sərhəddə atəşkəsin pozulması və s. hallar ABŞ və Avropa İttifaqının Ermənistanı müharibəyə hazırladığından xəbər verir. Xatırladaq ki, aprelin 5-də ABŞ, Avropa İttifaqı və Ermənistan arasında baş tutan görüşə rəsmi Bakı etiraz etmiş, bu görüşün hərbi əməkdaşlıqla bağlı olduğunu bildirmişdi. Həmin ərəfədə ABŞ-nin dövlət katibi Antoni Blinken, Avropa İttifaqının rəsmisi Ursula Fon der Lyayen Prezident İlham Əliyevə zəng edərək görüşün maliyyə sahələrini əhatə edəcəyini, Azərbaycana qarşı olmayacağını demişdilər. Göründüyü kimi, Qərb Azərbaycanın maraqlarını, Cənubi Qafqazın təhlükəsizliyini nəzərə almadan Ermənistanı gücləndirməyə başlayıb.
Millət vəkili Azər Badamov "Sherg.az"a açıqlamasında deyib ki, ABŞ yük təyyarələri ilə Ermənistana hərbi yüklərin daşınması Vaşinqtonun sülhlə bağlı təşəbbüslərdə səmimi olmadığını sübut edir. Deputatın sözlərinə görə, "Zvartnots" Hava Limanında Rusiya FTX əməkdaşları xidmət aparanda ABŞ Ermənistana açıq şəkildə hərbi yüklər, şəxsi heyət daşıya bilmirdi:
"İndi isə nəzarət Ermənistanın öz əlindədir və gizli şəkildə nə istəyirlərsə gətirirlər. Rusiya FTX-nin əməkdaşlarının "Zvartnots" Hava Limanından çıxarılmasında məqsəd də bundan ibarət idi. ABŞ Ermənistanı silahlandırmaqla regionda vəziyyəti gərginləşdirir. Bu, Ermənistandakı Rusiya hərbi bazasına qarşı cəmlənən hərbi gücdür. Eyni zamanda İrana təsir imkanlarını genişləndirməkdir. Həmçinin Ermənistan ordusunu gücləndirməklə revanşistləri yenidən müharibəyə hazırlamaqdır. Ermənistanın dövlət rəhbərliyi anlamır ki, ABŞ hansı ölkəyə daxil olursa, o ölkədə sabitlik pozulur və bir də bərpa olunmur. Bu baxımdan Paşinyan hakimiyyəti Ukraynada, Moldovada, Gürcüstanda və digər ölkələrdə baş verən hadisələri diqqətlə nəzərdən keçirməlidir. Əgər İrəvan hökuməti yaşananlardan nəticə çıxarmazsa, ermənilər yeni faciələrlə qarşılaşacaq".