Qərb anlamalıdır ki, ermənilər qayıdacaqsa, Qərbi azərbaycanlılar da yurdlarına dönməlidir
Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi vəzifəsini tərk etməyə hazırlaşan Toivo Klaar Ermənistan mediasına açıqlamasında Azərbaycanın könüllü köçüb gedən erməniləri Qarabağa qaytarmalı olduğunu deyib. Hətta Toivo Klaar bu məsələni Azərbaycanla Ermənistan arasında sülhün əldə edilməsi üçün "vacib şərtlərdən" biri kimi qoyub. Klaar Azərbaycanın guya öhdəliklərinin olduğunu və Bakının bundan imtina etmədiyini vurğulayıb. Eyni zamanda Klaar qeyd edib ki, Bakı bu müstəvidə Qərbi Azərbaycan məsələsini dilə gətirir. Lakin avropalı diplomatın fikrincə, bu mövzulara eyni müstəvidə baxmaq olmaz. Klaarın Qarabağ erməniləri ilə bağlı açıqlaması hazırda Qərbdə bölgə ilə bağlı cərəyan edən bəyanatlar silsiləsindəndir. Qarabağ erməniləri, onların qayıdışı ilə bağlı Azərbaycana qarşı təzyiqlər "erməni məsələsi" mövzusunun bəzi dairələrdə hələ bağlanmadığını göstərir. Klaarın təxribatçı açıqlaması Azərbaycan Xarici İşlər Nazirliyi və Qərbi Azərbaycan İcması tərəfindən etirazla qarşılanıb. Vurğulanıb ki, Toivo Klaarın Ermənistan ərazisindən zorla qovulmuş azərbaycanlıların qayıdış hüququnu şərtləndirməsi qəbuledilməzdir. Ermənistandan qovulmuş azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə öz doğma torpaqlarına geri dönməsi üçün müvafiq şərait yaradılması Ermənistanın öhdəliyidir və beynəlxalq ictimaiyyət bu öhdəliyin yerinə yetirilməsini tələb etməlidir.
Politoloq Əlisahib Hüseynov "Sherg.az"a bildirib ki, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına və yekun sülh sazişinin imzalanmasına bir çox subyektiv amillər mane olur. Ekspertin sözlərinə görə, həmin amillərdən biri də Makron Fransasının ciddi basqısı və təsiri altında olan Avropa İttifaqının zaman-zaman qeyri-obyektiv, ziddiyyətli və destruktiv mövqe sərgiləməsidir:
"Jozep Borrel, Toivo Klaar kimi Aİ rəsmilərinin anti-Azərbaycan səciyyəli qərəzli açıqlamaları isə bölgəyə dayanıqlı sülhün gəlişinə xüsusilə ağır zərbə vurur. Toivo Klaarın vəzifədən gedən ərəfədə onun səlahiyyətlərinə aid olmayan məsələlər barədə ermənipərəst açıqlamalar verməsi məqsədli şəkildə odun üstünə benzin tökülməsinə bənzəyir. Klaarın Qərbi Azərbaycandan zorla qovulmuş azərbaycanlıların qayıdış hüququna isə aktual olmayan məsələ kimi yanaşması həm Aİ rəsmisinin, həm də bütövlükdə Avropa İttifaqının özünün ikili standartlardan çıxış etdiyini göstərir. Görünən budur ki, ermənilərin qayıdış hüququ Aİ üçün proritet, azərbaycanlıların qayıdışı isə ikinci dərəcəli məsələdir. Bu da o deməkdir ki, insan hüquqları, ədalət və s. kimi anlayışlar Aİ üçün sadəcə deklarativ xarakter daşıyır. Avropa İttifaqı bizim gözləntilərimizi doğrultmur".
Analitik vurğulayıb ki, Avropa İttifaqının ədalət anlayışı qüsurludur, yarımçıqdır: "Ancaq biz əminik ki, zamanla bu məsələ də öz müsbət həllini tapacaq və Qərbi Azərbaycandan olan soydaşlarımız yaxın gələcəkdə öz doğma torpaqlarına qayıda biləcəklər. Bizim o torpaqları Qərbi Azərbaycan adlandırmağımızın Aİ rəsmilərini, Qərbin ermənipərəst siyasətçilərini qıcıqlandırması isə bizim üçün elə də önəmli deyil. Önəmli olan tarixi ədalətin bərpasıdır. Avropa İttifaqının ABŞ və Fransa ilə birlikdə Ermənistanı silahlandırıb Cənubi Qafqazı daimi münaqişə ocağına çevirmək cəhdləri iflasa uğrayacaq".