İctimai nəzarət mexanizmləri gücləndirilməlidir 

Vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu

Korrupsiya ilə mübarizədə vətəndaş cəmiyyətinin aktivliyi zəruridir

  Cənab Prezident İlham Əliyev vətəndaşlarla görüşlərdə də, hökumət üzvlərinin iştirakı ilə keçirilən müşavirələrdə də ictimai nəzarətin xüsusi əhəmiyyətini daim vurğulayır, neqativ halların aşkarlanmasında və dövlət strukturlarının məlumatlandırılmasında vətəndaş cəmiyyətini fəal olmağa çağırır. Cənab Prezident dəfələrlə vurğulayıb ki, korrupsiya ilə mübarizədə ictimai qınaq və vətəndaş cəmiyyətinin mövqeyi əsas komponentlərdən biridir. Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi də bunu nəzərə alaraq qrant müsabiqələrində vətəndaş aktivliyini artıracaq layihələrin qəbuluna “yaşıl işıq” yandırır. Belə layihələrdən biri  “İnkişafa və İslahatlara Dəstək” İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Korrupsiya ilə mübarizəyə ictimai dəstək” layihəsidir. Layihə çərçivəsində Bakı və Sumqayıt şəhərlərində, Quba və Xaçmaz rayonlarında maarifləndirici tədbirlər keçirilib.
  Sumqayıt şəhər Gənclər evində “Korrupsiya ilə mübarizəyə ictimai dəstək” mövzusunda keçirilmiş dəyirmi masada əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. “İnkişafa və İslahatlara dəstək” İctimai Birliyinin sədri Ramil Əliyev tədbirin mahiyyətindən bəhs edərək bildirib ki, layihənin məqsədi korrupsiya və rüşvətxorluğa qarşı görülən işləri çatdırmaq, eyni zamanda bu mübarizədə geniş ictimaiyyətin dəstəyini qazanmaqdır. Tədbirdə fəxri qonaq olaraq iştirak edən Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat müşaviri Alptekin Cihangir İşbilir Azərbaycan-Türkiyə qardaşlığının fonunda görülən müsbətyönümlü işləri yüksək qiymətləndirdiyini diqqətə çatdırıb. Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları İctimai Birliyinin sədri Bəhruz Məmmədzadə, araşdırmaçı-jurnalist, layihə eksperti Əli İbrahimov çıxışlarında layihənin məqsəd və hədəflərindən danışıblar.  Sözügedən layihə çərçivəsində Xaçmaz rayon peşə məktəbində də “Korrupsiya ilə mübarizədə ictimai dəstəyin rolu” mövzusunda dəyirmi masa keçirilib. Xaçmaz Rayon İcra Hakimiyyətinin baş məsləhətçisi Yaqut Mənsimova və “İnkişaf və İslahatlara Dəstək” İctimai Birliyinin sədri Ramil Əliyev tədbirin mahiyyətindən bəhs etdilər. Azərbaycanda cəmiyyətin inkişafı və saflaşdırılması istiqamətində Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatların xalqımız və dünya birliyi tərəfindən yüksək dəyərləndirildiyini diqqətə çatdıran Yaqut Mənsimova bildirib ki, neqativ halların və nöqsanların təmizlənməsi zamanın və xalqın mənəvi sifarişidir. İctimai Birliyin sədri Ramil Əliyev çıxışında diqqətə çatdırıb ki, layihənin məqsədi korrupsiya və rüşvətxorluğa qarşı görülən işləri çatdırmaq, eyni zamanda bu mübarizədə geniş ictimaiyyətin dəstəyini qazanmaqdır. “Xüsusi təyinatlılar və qazilər” İctimai Birliyinin sədri Bəhruz Məmmədzadə, “Veteninfo.az” informasiya agentliyinin təsisçisi və baş redaktoru Nahid Canbaxışlı, “Demokrat.az” saytının təsisçisi və baş redaktoru Vasif Həsənli və “manset.az” saytının baş redaktoru Əli Vəliyev, araşdırmaçı-jurnalist, layihə eksperti Əli İbrahimov çıxışlarında layihənin məqsəd və hədəflərindən danışıblar.  Eyni məzmunlu tədbir Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında da təşkil edilib. “Korrupsiya ilə mübarizədə ictimai dəstəyin rolu” mövzusunda təşkil edilən dəyirmi masada vətəndaş cəmiyyətinin rolundan, korrupsiya ilə münarizədə vətəndaş fəallığının artırılmasının vacibliyindən danışılıb. 
  “Korrupsiya ilə mübarizəyə ictimai dəstək” layihəsi çərçivəsində yekun tədbir isə Bakıda keçirilib. Gənclər Təşkilatlarının Resurs Mərkəzində baş tutan tədbirdə QHT, media nümayəndələri və ictimai fəallar iştirak ediblər. Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Açılış nitqi ilə çıxış edən “İnkişafa və İslahatlara Dəstək” İctimai Birliyinin sədri Ramil Əliyev tədbirin mahiyyətindən bəhs edərək bildirib ki, layihənin məqsədi korrupsiya və rüşvətxorluğa qarşı görülən işləri çatdırmaq, eyni zamanda bu mübarizədə geniş ictimaiyyətin dəstəyini qazanmaqdır. Təşkilat rəhbəri qeyd edib ki, Azərbaycanda korrupsiya ilə mübarizə sahəsində bir sıra mühüm tədbirlər həyata keçirilib. Korrupsiyaya Qarşı Mübarizə üzrə Dövlət Proqramları və antikorrupsiya qanunvericiliyi qəbul edilərək hüquqi baza gücləndirilib. “Elektron hökumət layihələri və dövlət satınalmalarının şəffaflığını təmin etmək məqsədilə elektron satınalmalar sistemi tətbiq olunub. İctimai nəzarətin gücləndirilməsi üçün QHT-lər və medianın rolu artırılıb, maarifləndirmə tədbirləri və təlimlər təşkil edilib. Asan Xidmət və DOST Mərkəzləri də bu istiqamətdə ən uğurlu layihələrdən olub. QHT nümayəndələrinin də bu istiqamətdə üzərinə müəyyən vəzifələr düşür. Bu baxımdan davamlı olaraq bu sahədə layihələrin icrası vacibdir. Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin sədri İlham İsmayılov, Bakı QHT Resurs Mərkəzi İctimai Birliyinin sədri Rauf Zeyni, layihə eksperti Əli İbrahimov və digər çıxışçılar layihənin uğurlarından danışaraq, bu sahədə ictimai fəallığın artırılmasının vacibliyini qeyd etdilər. Azərbaycanın korrupsiya ilə mübarizə sahəsində yeni mexanizmlər qurduğu və müəyyən problemlərin aradan qaldırılması üçün dövlət qurumları və vətəndaş cəmiyyəti sektorunun birgə və davamlı fəaliyyətinin vacibliyi diqqətə çatdırılıb. 
  Belə layihələrin icrasının vətəndaş cəmiyyətinin fəallaşmasında əhəmiyyətini vurğulayan  Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin sədri İlham İsmayılov bu fikirdədir ki, korrupsiyaya qarşı mübarizədə və ictimai nəzarətin həyata keçirilməsində QHT-lərin rolu önəmlidir. İ.İsmayılov qeyd etdi ki, ölkəmizdə mövcud olan sosial problemlərin həlli üçün tədbirlərin, islahatların keçirilməsi ilə bağlı QHT-lərin təşəbbüsü ilə yaradılmış İctimai Nəzarət Mərkəzi İdarə Heyətinin üzvüdür:

- Prezident İlham Əliyevin ictimai nəzarətin gücləndirilməsi ilə bağlı irəli sürdüyü fikirlər vətəndaş cəmiyyətində, QHT-lər və media qarşısında yeni vəzifələr qoyub. Məhz buna görə də biz bu gün artıq ictimai nəzarətin gücləndirilməsi və bununla da korrupsiyaya qarşı mübarizənin düzgün istiqamətdə aparılmasını təmin etmək üçün dövlət qurumları ilə tərəfdaş olaraq birgə fəaliyyət göstərməliyik. Korrupsiyaya qarşı dövlət səviyyəsində mübarizə aparılsa da, bu məsələdə vətəndaşlarla sıx təmasda fəaliyyət göstərən QHT-lərin də üzərinə böyük məsuliyyət düşür.  
  ATXƏM sədri ictimai nəzarətlə bağlı sosial institutlar və ictimai nəzarət mexanizmlərinin yaradılmasını da vacib hesab edir: 
- Mətbuatda və sosial mediada dəfələrlə cənab Prezidentin korrupsiyaya qarşı mübarizədə çağırışlarına qoşulmuşuq. Lakin bu vaxta qədər aşkar olunan nöqsanların aradan qaldırılması üçün qarşı tərəfdən adekvat addımlar atılmayıb. Baxmayaraq ki, uzun zamandır sosial mediada bu məsələlər müzakirə olunur, lakin təəssüf ki, hələ də bu istiqamətdə qənaətbəxş nəticələr əldə olunmayıb. Bu səbəbdən, yaxşı olardı ki, ictimai nəzarətlə bağlı sosial institutlar və ictimai nəzarət mexanizmləri yaradılsın. Bundan əlavə, QHT-lərin media ilə əlaqəli işləməsi və dialoq platformasının yaradılması da müsbət nəticələr verə bilər. Həmçinin 44 günlük Vətən müharibəsindən sonra azad olunmuş torpaqlarımızda hazırda aparılan geniş bərpa və quruculuq işlərində də tender məsələsinin xüsusi nəzarətdə saxlanılması korrupsiya ilə mübarizədə aktual məsələlərdəndir.