Ukraynanın Rusiyaya hücumunda başqa planların cizgiləri görünür
Kiyev unudulmaq istəmir, Qərb-Rusiya qarşıdurmasını kəskinləşdirməyə çalışır
Kiyev unudulmaq istəmir, Qərb-Rusiya qarşıdurmasını kəskinləşdirməyə çalışır
Ukrayna ordusu Rusiyanın Kursk vilayətinə girib və 11 yaşayış məntəqəsinə nəzarəti ələ keçirib. Ukrayna Prezidenti Volodimir Zelenski deyib ki, Ukraynaya qarşı müharibə aparan Rusiyaya təzyiq nə qədər çox olarsa, sülh də bir o qədər yaxın olar: "Bu, cəbhə xəttinə də aiddir - Pokrovskoye istiqaməti, Toretskoye, Liman, Xarkov vilayəti... İşğalçının hücum əməliyyatlarına qarşı müdafiəmiz hər yerdə davam edir. Düşməni məhv etməyə davam etmək vacibdir. Müharibəni Ukraynaya gətirən Rusiyaya təzyiq nə qədər çox olarsa, sülh də bir o qədər yaxın olar".
"Rusiya istənilən güzəşti zəiflik kimi qəbul edəcək”
Ukrayna Prezident Aparatı rəhbərinin köməkçisi Mixail Podolyak deyib ki, Kiyev danışıqlar prosesində mövqelərini gücləndirmək üçün Rusiyanın Kursk vilayətində hücuma keçib. Onun sözlərinə görə, Rusiyanın ərazi, insan və texnika itkiləri danışıqlara müsbət təsir edəcək, Ukrayna qüvvələrinin federasiya ərazisinin dərinliklərinə doğru irəliləməsi rusları qorxudacaq və onların Prezident Vladimir Putinə münasibətini pisləşdirəcək: “Qorxudan reaksiya verə bilirlərmi? Xeyr, biz bunu nəhayət dərk etməliyik. Rusiya istənilən güzəşti zəiflik və onun qarşısında diz çökməyə hazır olmaq kimi qəbul edəcək”. Podolyak əlavə edib ki, Rusiya bundan sonra danışıqlar masasına oturanda müharibənin onun ssenarisi üzrə getmədiyini anlayacaq.
"Eskalasiyanın səbəbi Rusiyanın təcavüzkar siyasətidir"
Mixail Podolyak bildirib ki, Kurskda baş verənlərin əsas səbəbi Rusiyanın təcavüzkar siyasətidir: "Hər hansı eskalasiya, atəş, hərbi əməliyyatlar, məcburi evakuasiya və normal həyatın məhv edilməsinin əsas səbəbi, həmçinin bunun Rusiya Federasiyasının öz ərazilərində - Kursk və Belqorod bölgələrində baş verməsi yalnız Rusiyanın birmənalı təcavüzüdür. Bu xarici əraziləri ələ keçirmək cəhdlərini, suverenliyi və ərazi bütövlüyünü açıq şəkildə müdafiə edən beynəlxalq hüquq normalarına məhəl qoymamağı ehtiva edir. Rusiyanın özünü məhv etməsi konsepsiyasının arxasında duran memar hamıya məlumdur – bu, Putinin özüdür. Müharibə müharibədir və onun qaydaları var, təcavüzkar qaçılmaz olaraq müvafiq nəticələrlə üzləşir".
Ukraynanın Rusiyaya hücumuna Avropadan reaksiya
Avropa Komissiyasının xarici siyasət üzrə nümayəndəsi Piter Stano Rusiyanın Kursk vilayətində baş verənləri şərh edərkən deyib ki, Ukrayna özünümüdafiə hüququna malikdir və Rusiya ərazisinə zərbələr endirə bilər. Stanonun sözlərinə görə, beynəlxalq hüquq Ukraynanın özünü müdafiə etmək, xüsusən də öz ərazisində təcavüzkara zərbə endirmək üçün qanuni hüquqa malik olduğunu təmin edir: “AB Ukraynanın Rusiyanın təcavüzünə qarşı qanuni özünümüdafiə hüququnu və onun suverenliyini və ərazi bütövlüyünü bərpa etmək səylərini tam dəstəkləməyə davam edir”.
Ukrayna ordusunun Kurska hücumunun səbəbi - Reynolds
Londondakı Kral Birləşmiş Xidmətlər İnstitutunun müharibə üzrə mütəxəssisi Nik Reynolds isə deyib ki, Ukrayna ikinci cəbhə aça bilməz: "Onlar Donbasda cəbhə xəttini sabitləşdirməlidirlər. Ukrayna ordusunun əməliyyatının sürəti, görünür, rus qoşunlarını təəccübləndirib. Ukrayna ümid edə bilər ki, Rusiya şərqdəki qüvvələri cəbhədən yayındıracaq və oradakı Ukrayna qoşunlarına təzyiqi azaldacaq. İrəli getmək Ukrayna ordusuna Rusiyanın Xarkov yaxınlığındakı qoşunlarına təchizat xətlərini pozmağa imkan verə bilər. Hücum həm də onu göstərir ki, Rusiya öz ərazisində sakit oturmamalıdır”.
"Kiyev Kurska hücumla bağlı bizə məlumat verməyib"
ABŞ Dövlət Departamentinin Mətbuat xidmətinin rəhbəri Metyu Miller deyib ki, Vaşinqtona Ukrayna Silahlı Qüvvələrinin Kursk bölgəsinə hücumu ilə bağlı öncədən məlumat verilməyib: "Bizim bundan xəbərimiz yox idi. Lakin Ukraynanın hücumu həyata keçirməzdən əvvəl konkret taktikalarını bizə deməməsi qeyri-adi bir şey deyil. Bu, onların apardıqları müharibədir. Biz onları avadanlıqla təmin edirik. Biz onlara məsləhətlər veririk".
Rusiya çarəsiz qaldı: “Vaqner”i Kurska göndərdi
Hərbi müxbir Yeqor Quzenko məlumat yayıb ki, "Vaqner" bölmələri sərhəddə hərbi əməliyyatlara qoşulmaq və ukraynalıların hücumuna müqavimət göstərmək üçün Kurska hərəkət edir. Quzenkonun yaydığı videoda döyüşçülər Ukrayna ordusunun mövqelərini məhv etmək üçün Kurska hərəkət etdiklərini bildiriblər.
"Rılsk, Korenevo və Suca istiqamətinə hücum mümkündür"
Rusiyalı politoloq Sergey Markov iddia edib ki, Kurska hücum etməklə Zelenski Putinin düsturunu pozmaq istəyir. Onun sözlərinə görə, Zelenski Kursk və Belqorod vilayətlərində Rusiya ərazilərinin bir hissəsini ələ keçirmək niyyətindədir: "Bundan sonra sülh sazişləri imzalayarkən, Rusiyanın Xarkov vilayətindən və Zaporojye AES-dən çıxması müqabilində onları qaytaracaq. Əminəm ki, Ukrayna Silahlı Qüvvələrinin təbliğatçıları indi əsgərlərə deyirlər ki, ələ keçirdiyiniz Kursk vilayətinin hər metrini Xarkov vilayətinin 10 metrinə dəyişəcəyik". Makrov bildirib ki, Ukrayna Silahlı Qüvvələri bu bölgədə möhkəmlənmək üçün var gücü ilə çalışacaq: “Ukrayna Silahlı Qüvvələri gecə və səhər hücumu intensivləşdirməyə çalışacaq. Əsasən, Rılsk, Korenevo və Suca istiqamətinə hücum mümkündür. Rusiya ordusu ehtiyatları bölgəyə köçürür. İlk növbədə Rusiya aviasiyası Ukrayna Silahlı Qüvvələrini dayandırmağa çalışır. Ukrayna Silahlı Qüvvələri isə özləri ilə çoxlu hava hücumundan müdafiə vasitələri gətiriblər. Rusiya ordusu Ukrayna Silahlı Qüvvələrini Kursk vilayətindən çıxarmaq məqsədilə əks-hücum hazırlayır”.
"Kiyev danışıqlar gözləntisini dağıdır və “diqqəti” üzərinə çəkir"
Siyasi şərhçi Asif Nərimanlı deyib ki, Ukrayna ordusu Kurska hücum etməklə müharibəni Rusiya ərazisinə daşımaq taktikasında ciddi irəliləyiş əldə etdi. Onun sözlərinə görə, bu, müharibənin başlandığı 2022-ci ildən bəri Rusiya ərazisinə ən böyük müdaxilədir və davamlı olacağı ehtimalı ön plandadır:
"Çünki belə bir taktika Kiyev üçün “çıxış yolu” ola bilər. Ukrayna uğursuzluğu kompensasiya edir. Ukraynanın ötən il planlaşdırılan “böyük əks-hücum əməliyyatı” faktiki uğursuzluğa düçar oldu və irəliləyə bilmək perspektivi zəif görünür. Ələ keçirdikləri bölgələrdə möhkəmlənərək, müdafiə olunan tərəfə çevrilən ruslar yeni ərazilərin işğalını da davam etdirirlər. Kiyev döyüşləri Rusiya ərazisinə köçürməklə cəbhədəki uğursuzluğu kompensasiya edir, həm də kiçik qələbələrlə ordunu ruhlandırır. Kiyev danışıqlar gözləntisini dağıdır və “diqqəti” üzərinə çəkir. Ukraynaya F-16-lar verilsə də, yaxın perspektivdə danışıqlar masasına əyləşməsi üçün Kiyevə təzyiqlərin ediləcəyi, yaxud ən yaxşı halda “diqqətdən kənarda” qala biləcəyi istisna edilməməlidir. ABŞ-dəki seçki yarışı və Trampın mümkün qayıdışı Ukrayna üçün Rusiya ilə mübarizə perspektivini dumanlı edir. İran-İsrail gərginliyi diqqəti Yaxın Şərqə yönəldir və mümkün ikinci cəbhə ssenarisində Vaşinqton birinci cəbhədən - Ukraynadan uzaqlaşa bilər".
"Ən yaxşı halda Ukraynada müharibəni “dondura” bilərlər"
Analitikə görə, ən yaxşı halda Ukraynada müharibəni “dondura” bilərlər. Ən pis halda Kiyevi Moskva ilə danışıqlara itələyəcəklər: "ABŞ-nin Yaxın Şərqdə vəziyyətə nəzarət üçün Rusiya ilə də “əməkdaşlıq” etməsi mümkün variantlardandır. Hər iki halda Ukrayna təhlükə ilə üzləşə bilər. Rusiya ərazisinə hücum etməklə riskli gediş edir, mümkün danışıqlar perspektivini sıradan çıxarır. Müharibə “alovunu” səngiməyə qoymayaraq, diqqəti üzərinə çəkir və döyüşlərin arealını genişləndirməklə, Qərb-Rusiya qarşıdurmasını da kəskinləşdirməyə çalışır. Kiyevi narahat edən məqamlar var. Vaşinqton-Moskva xəttində təmasların yarandığı və Ukraynada toqquşan hər iki tərəfin Yaxın Şərqə görə “qılıncları qınına qoyması” ehtimalları var. Ukraynanın Rusiya ərazisinə hücumunun bu ehtimalları arxa plana keçirməyə hesablandığı mümkün variantlardandır. Eyni taktikanın genişləndiriləcəyi gözləniləndir".