Albaniyanın Baş naziri: “Ərdoğan Türkiyənin inkişafına xüsusi töhfə verir”

Albaniyanın Baş naziri Edi Rama Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın liderlik keyfiyyətlərini və siyasi fəaliyyətini yüksək qiymətləndirib.
"Report" "Anadolu"ya istinadən xəbər verir ki, bunu Albaniyanın Baş naziri Yunanıstanda keçirilən Delfi İqtisadi Forumunda çıxışı zamanı deyib.
E.Rama bir çox regional məsələlərə, o cümlədən Türkiyə ilə əlaqələr mövzusuna toxunub və Prezident Ərdoğanın ölkəsinin inkişafına xüsusi töhfə verdiyini vurğulayıb.
"Ərdoğanın siyasəti Türkiyənin simasını çox dəyişdi. Təbii ki, fikirlər fərqli ola bilər, amma deməliyəm ki, Avropa İttifaqının (Aİ) rəsmi Ankaraya qarşı davranışı son dərəcə mübahisəlidir", - deyə o bildirib.
Albaniya hökumətinin başçısı xatırladıb ki, Aİ bir sıra islahatlardan sonra Türkiyəyə təşkilata üzvlük vəd etdi, lakin sonda Ankara “qapı arxasında qaldı”: "Eyni zamanda danılmaz fakt budur ki, Ərdoğanın rəhbərlik edib-etməməsindən asılı olmayaraq, Türkiyə Avropanın təhlükəsizliyi baxımından önəmli rola malidir. Avropa İttifaqı bu amilə ciddi yanaşmalıdır".